Gündəm 

Şuşa regionun diplomatik paytaxtına çevrilir

Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı biri-birindən önəmli tədbirlərə ev sahibliyi etməklə bu hədəfin artıq reallıq olduğunu nümayiş etdirir

Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa Dünya Azərbaycanlılarının Zəfər Qurultayının ardınca Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı Beynəlxalq Foruma ev sahibliyi edir. Forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edirlər. Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın dünyaya açılan hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Aeroportla yaxından tanış olduqdan sonra Füzuli rayonu ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. Sonra qonaqlar Zəfər yolu ilə Şuşaya səfər ediblər.

Şuşada keçirilən Beynəlxalq Forumun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsidir. Forum çərçivəsində Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa-dirçəlişə gedən yol”, həmçinin postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirəcək. Aprelin 29-da isə ADA Universitetində “Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda müzakirələr davam etdiriləcək.

Qarabağın tacı işğaldan azad edildiyi bir ildən artıq dövrdə müxtəlif səpkili tədbirlərə ev sahibliyi edib, sənədlərin imzalanmasına, birgə Bəyannamələrin qəbul olunmasına şahidlik edib. Bu mühüm addımlar İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda dünyaya mesajlardır. Bu baxımdan ki, sənədlərin imzalanmasında məkan təbii ki, əhəmiyyətli rol oynayır. Bu, tarixdir. Hər bir sənəd özündə ehtiva etdiyi məqamlarla, hədəflərlə əhəmiyyətlidir. Beynəlxalq sənəddə vaxt və imza ilə yanaşı, yerin də nə qədər böyük əhəmiyyət kəsb etdiyi aydındır. Bu baxımdan Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinə işıq salan və perspektivləri müəyyənləşdirilən sənədə, həmçinin Dünya Azərbaycanlılarının Zəfər Qurultayında Prezidentə müraciətə Şuşada imza atılması qürurvericidir, rəmzi məna və tarixi əhəmiyyət kəsb edir. 15 iyun 2021-ci il, Şuşa şəhəri, yaxud Azərbaycan Respublikası, Şuşa şəhəri, 23 aprel 2022-ci il imzaları özündə bütün məqamları birləşdirir. Bu, Qarabağımızın təqdimatı, torpaqlarımızın tarixi sahibinə qayıtması, ərazi bütövlüyümüzün bərpası, «Dağlıq Qarabağ» adlı məfhumun tarixə qovuşması, ən əsası yeni səhifənin açılaraq mədəniyyət paytaxtımızın imzalar arasında imzasının görünməsi və təsdiqidir. Həmçinin Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşamızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin mühüm səhifəsidir. Dünya azərbaycanlılarının azad Qarabağda, azad Şuşada bir araya gəlməsi dünyaya ünvanlanan birlik, həmrəylik mesajıdır. ”

Soydaşlarımızın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları müraciətdə bir daha vurğulanır ki, Vətən müharibəsindəki möhtəşəm Qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılaraq, hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxmış milli birlik, rəşadət və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın Ermənistan tərəfindən 30 il boyunca davam etmiş işğalına son qoyulması Ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasətin, müasir və güclü ordu quruculuğu istiqamətində gördüyünüz misilsiz işlərin bəhrəsidir. O da vurğulanır ki, məhz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni millətçilərinin 200 illik “dənizdən-dənizə böyük Ermənistan” xülyasını və Ermənistan ordusunun məğlubedilməzliyi mifini darmadağın edərək bu neofaşizm təzahürünə ağır zərbə vurdu. Vətənimiz və xalqımız qarşısında müstəsna xidmətlərinizi dünya azərbaycanlıları hər gün dərin minnətdarlıq duyğuları ilə anırlar: « Dünya azərbaycanlıları Sizin inamlı və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycanın müstəqil dövlət kimi dünya siyasi səhnəsində öz yerini daha da möhkəmləndirməsindən və qlobal proseslərin fəal iştirakçısına çevrilməsindən qürur duyur. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, işğaldan azad olunmuş ərazilərimizi qısa zamanda bərpa edəcək, yenidən abadlaşdıracaq və gözəlləşdirəcəkdir.»
Əvvəldə də qeyd etdiyimiz kimi, Şuşa növbəti tədbirə ev sahibliyi edir. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərin və media nümayəndələrinin iştirak etdikləri “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı Beynəlxalq Forumda adından da bəlli olduğu kimi, postmünaqişə dövrünün reallıqları çərçivəsində yeni əməkdaşlıq formatlarının yaradılması, onların perspektivləri müzakirə olunur. Şuşa erməni vəhşiliklərinə şahidlik edən ərazimiz olaraq belə tədbirlərə ev sahibliyi etməklə tədbirə qatılan iştirakçılara reallıqları öz gözləri ilə görmək imkanı qazandırır. İllərdir ermənilər Şuşanı öz şəhərləri kimi təqdim edərək onu erməniləşdirmək istiqamətində ciddi cəhdlər göstərdilər. Tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə tarixi siləcəklərinə, bu torpaqları öz əraziləri kimi təqdim edə biləcəklərinə özlərində xəyallar qururdular. Amma özləri də bu reallığın şahidi oldular ki, şuşa 28 il əsarətdə qalsa da əyilmədi, sınmadı, milli ruhunu, kimliyimizi qorudu. Şuşanın hər bir küçəsi tarixdir. Bu tarixi silmək qeyri-mümkündür. Keçirilən tədbirlər tarixi vərəqləməyə, erməni yalanlarını bir daha ifşa etməyə geniş imkanlar yaradır.

Forumun mövzusuna diqqət yetirməklə bugünümüzün əsas hədəfi özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan tərəfi Ermənistana sülh gündəliyini təklif edib. Artıq sülh müqaviləsinin imzalanmasına doğru işlər gedir. Bugünümüzün əsas diqqətçəkən məsələsi vaxtilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmasını dəstəkləməsidir. Bu gün belə bir mövqe nümayiş etdirən dünya gücləri yaxşı olardı ki, 30 illik işğal dövründə, həmçinin Vətən müharibəsinin getdiyi zamanlarda işğalçıya dəstək olmaz, Azərbaycanın ilk andan təklif etdiyi sülh müqaviləsinin imzalanmasına, Ermənistanın bu addımı atmasına səylər göstərərdilər.

Bu gün Avropa İttifaqının sülh gündəliyinin gerçəkləşdirilməsi istiqamətində atdığı addımlar dünyanın böyük dövlətlərini sanki hərəkətə gətirib, mövqelərində dəyişiklik edərək sülh müqaviləsinin imzalanmasına, regionda dayanıqlı sülhün və təhlükəsizliyin tmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Prezident İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılmış, həmçinin bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğu vurğulanmışdır. Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılmışdı, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların davam etməsi, kommunikasiyaların açılması məsələləri müzakirə edildi. Prezident İlham Əliyev bildirmişdir ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.

Dövlətimizin başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət abidələrimizin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd etmişdir. İşğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğulamış, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edilmişdir.

Onu da qeyd edək ki, Şuşada keçirilən konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan xarici ölkələrin beyin mərkəzlərinin nümayəndələri azad Qarabağımıza səfər edərək Füzuli Hava Limanı ilə yaxından tanış olmalarının da mühüm əhəmiyyəti vardır. Belə ki, Azərbaycan bölgələrin inkişafında infrastrukturun yenilənməsinə və bərpasına xüsusi önəm verir. Bunu işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq və bərpa işləri də təsdiqləyir. Bu Beynəlxalq Hava Limanı, həmçinin işğaldan azad edilmiş ərazilərimizə qonaqların, turistlərin səfərlərini qısa müddətdə həyata keçirmələrinə imkan yaradır. O da məlumdur ki, Laçın və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi davam edir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bu fikri xüsusi qeyd edib ki, Şuşa regionun həm də diplomatik paytaxtı olur.

Məlumdur ki, mart ayında BMT-nin təşəbbüsü ilə Azərbaycanla qurum arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunan tədbir Şuşada keçirildi. Artıq Şuşa ictimai-siyasi, humanitar, mədəni tədbirlərin keçirilməsinə ev sahibliyi ilə dünyanın diqqətini özünə çəkərək Azərbaycan üçün bu diyarın hansı önəm daşıdığını bir daha təqdim edir. Dövlət başçısı İlham Əliyevin Vətən müharibəsi dövründə səsləndirdiyi «Şuşasız bizim işimiz yarımçıq olar» fikri özündə bütün məqamları ehtiva edir. Tarixi sahibinə qovuşan Şuşa qonaqlarını qarşıladıqca, tədbirlərə ev sahibliyi etdikcə qürurlanır, tarixini dünyaya təqdim etmək imkanı qazanır.

Daha çox xəbərlər