Vətən müharibəsində itki sayı qat-qat çox ola bilərdi, lakin…
Hərbi ekspert: Vətən müharibəsi müasir hərb elminin inkişafına əvəzsiz töhfə verdi
“Ordu çox böyük fədakarlıqla, zəhmətlə, çoxsaylı irimiqyaslı hərbi təlimlərlə öz professionallığını inkişaf etdirib. Ən müasir silahlara yiyələnən intellektual potensiala malik olan gənclərimiz, peşəkar hərbçilərimiz bunun öhdəsindən gəldi. Bizim bütün irimiqyaslı təlimlərimizin ssenarisinin əsasında işğal edilmiş torpaqlarımızın azad edilməsi məqsədi dayanırdı.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib.
Ölkə başçısının “Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Prezident seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir” fikrini xatırladan Ş.Ramaldanov diqqətə çatdırıb ki, müharibə zamanı vacib olan prinsipi – bir mərkəzdən qərar qəbuletmə kimi ən çətin vəzifəni Ali Baş Komandan öz üzərinə götürdü: “Bütün qərarları Prezident İlham Əliyev özü verirdi. Çünki Ali Baş Komandan döyüş sahəsini çox yaxşı bilirdi. Hər istiqamətin prioritetləri, çətinlikləri və təhlükəli tərəfləri təhlil edilirdi. Bu gün əgər biz XXI əsrin tələblərinə cavab verən müharibədən danışırıqsa, o zaman xüsusi olaraq qeyd etməliyik ki, Vətən müharibəsi 44 günlük qısa müddəti əhatə etsə də müasir hərb elminin inkişafına öz əvəzsiz töhfələrini verdi. Bir faktı da qeyd edim ki, bütün hesablamalara görə, Vətən müharibəsindəki itki sayı qat-qat çox ola bilərdi. Lakin biz torpaqlarımızı minimum itki ilə qaytardıq. Biz əks-hücum edirdik, sonra hücuma keçdik. Hücum edən tərəfdə itki sayı müdafiə olunan tərəfə nisbətən həmişə təxminən 3-5 dəfə çox olur. Cənab Prezident İlham Əliyev qərar qəbul edəndə də məhz itkiləri minimuma endirə biləcək tədbirlərin vacibliyini əsas tutmuşdur.”
Ş.Ramaldanov qeyd edib ki, Vətən müharibəsində düşmənlərin yaşayış məntəqələrimizi – Gəncəni, Bərdəni, Tərtəri şüurlu, məqəsdli şəkildə hədəf almalarına baxmayaraq, Azərbaycan dövləti, eləcə də ordusu müasir müharibəyə hansı formada yanaşmaq lazım olduğu nümunəsini ortaya qoydular: “Çünki bu gün dəqiq, müasir silahlar imkan verir ki, hədəfi məhv etmək üçün dəqiq atəş açaraq ətrafa və mülki obyektlərə minimum zərər yetirilsin. Videokadrlarda da əks olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin dəqiq atəşi düşmənin dayandığı yerləri məhv edirdi. Ətrafdakı yaşayış məntəqələrinə, eləcə də əhaliyə xəsarət yetirmirdik. Baxın, bu da müasir yanaşmadır. Bizim milli dəyərlərimiz, islami tərbiyəmiz dünyaya göstərdi ki, Azərbaycan budur. Ona görə də Azərbaycanın nüfuzu məhz bu yanaşmadan, müharibədən sonra daha da artıb.”
Ermənilərin 30 ilə yaxın zaman kəsiyində işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vandalizm aktlarına diqqət çəkən polkovnik bildirib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra biz orada törədilən vandallığın, barbarlığın şahidi olduq: “Bütün infrastruktur obyektlərimiz, mədəniyyət abidələrimiz dağıdılmış, məscidlərimiz təhqir olunmuşdu. Düzdür, dünya hələ də bunlara ikili standartlardan yanaşır və bununla bağlı bugünə qədər ciddi addım atılmayıb. Amma düşünürəm ki, Azərbaycan diplomatiyası, ölkəmizin tutduğu mövqe və aparılan düzgün siyasət nəticəsində bu məsələdə də Azərbaycanın maraqlarına uyğun, beynəlxalq normalar çərçivəsində lazımi addımlar atılacaq.”
Ş.Ramaldanov söyləyib ki, bu gün yenə də Azərbaycan dövləti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı ordumuzun inkişafı üçün çalışır: “Postmüharibə dövründə biz ordumuzu demək olar ki, bərpa etdik. Hazırda Azərbaycan Ordusunda böyük islahatlar aparılır. Artıq istiqamət də bəllidir. Azərbaycan Ordusu Türkiyə modeli əsasında qurulur. Türkiyənin Silahlı Qüvvələri və ordusu böyük təcrübəyə malik, NATO-nun və dünyanın ən güclü ordularından hesab olunur. Bilirsiniz ki, “Komando” tipli yeni hərbi hissələr yaranır, yeni silahlar alınır. Diqqət edin, 2021-ci il dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 60 illik yubileyini öz ailə üzvləri ilə birlikdə Komando tipli hərbi hissənin açılışı ilə qeyd etdi. Bu addım bütün hərbçilərdə böyük ruh yüksəkliyi yaradır. Ordumuzun qüdrətlənməsi Prezident İlham Əliyev üçün prioritet məsələdir.»
Diqqəti bu günlərdə keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayına yönəldən hərbi ekspert onu da əlavə edib ki, cənab Prezident vacib mesajlar ünvanladı: «Əlbəttə, bu mesajları öz ordusuna inanan Lider verə bilərdi. Ali Baş Komandan əmindir ki, onun hər bir əmri Azərbaycan Silahlı Qüvvələri tərəfindən yerinə yetiriləcəkdir.”

