Şəhid İlqar Verdiyevə həsr olunmuş film təqdim olundu FOTOLAR
Aprelin 30-da şəhid İlqar Verdiyev haqqında çəkilmiş “Andına sadiq oğul” sənədli filmin təqdimat mərasimi keçirilib.
ARANTV.AZ bildirir ki, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşəbbüsü, “Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi”nin dəstəyi ilə hazırlanan film Müdafiə Nazirliyinin tabeçiliyindəki Mərkəzi Zabitlər Evində təqdim olunub. Mərasimdə şəhidin ailə üzvləri, iş yoldaşları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak edib.
İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu şəhid İlqar Verdiyevin həyatı haqqında danışıb. Qeyd olunub ki, əslən Tovuzdan olan İlqar Tapdıq oğlu Verdiyev 1975-ci il oktyabrın 31-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycandan Türkiyənın paytaxtındakı “Kara Harb Okulu”nda təhsil almaq üçün göndərilən ilk hərbçilərdən olub. Azərbaycana qayıtdıqdan sonra mühəndis-istehkamçı kimi bir neçə hərbi hissədə xidmət edib. Orada təhsil alarkən ingilis dilinə və kompüter proqramlarına mükəmməl yiyələnib. Qazandığı biliklər onu Müdafiə Nazirliyinə, qurumun mətbuat xidmətinə gətirilməsinə səbəb olur.

İ.Verdiyev Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini işləyərkən jurnalistlərlə əməkdaşlığına görə müsbət imic qazanmışdı. O, mayor hərbi rütbəsinədək yüksəlmişdi. İ.Verdiyev bir müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsini də icra edib. Hərbi xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı və “Qüsursuz xidmətə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Uzun müddət nazirlikdə çalışdıqdan sonra mayor İlqar Verdiyev 2008-ci ildə müdafiə naziri Səfər Əbiyevin əmri ilə kapitan kimi cəbhə bölgəsinə bölük komandiri vəzifəsində xidmət etməyə göndərilib. 2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşür. Yaralı zabit dərhal hospitala yerləşdirilsə də üç gün sonra 36 yaşında zirvəsinə yüksəlib. Şəhid İlqar Verdiyevin Kamran və Orxan adlı iki oğlu, Əminə adlı bir qızı yadigar qalıb.
Çıxışdan sonra “Andına sadiq oğul” sənədli film təqdim olunub. Filmdə Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Müdafiə Nazirliyinin əməkdaşları, həmçinin Şəhidin doğmaları və onu yaxından tanıyanlar çəkilib.

Təqdimat mərasimində çıxış edənlər İlqarın şərəfli ömür yolundan, onun qəhrəmanlığından, mərd xarakterindən və güclü iradəsindən bəhs ediblər.
Şəhidin anası Rəna xanım ounun uşaqlıqdan hərb sahəsinə marağının olduğunu və yüksək vətənpərvərlik ruhunda böyüdüyünü bildirib.
Xatırladaq ki, filmin layihə rəhbəri Şamil Sabiroğlu, ssenari müəllifi və redaktoru Münəvvər Mehdiyevadır.










