Cəmiyyət 

Səhiyyənin inkişafında yeni mərhələ: Tibbi xidmətin keyfiyyəti, həkimlərin maaşları artacaq

31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının 1000 manata çatdırılması nəzərdə tutulur

Azərbaycanın səhiyyə sistemi də sosial sferanın digər sahələri kimi, yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni tibb müəssisələrinin istifadəyə verilməsi, xəstəxanaların, poliklinikaların təmiri və bərpası, onların ən müasir avadanlıqlarla təchizatı əhalinin sağlamlığına dövlət səviyyəsində ayrılan diqqət və qayğının bariz nümunəsidir.

Təbii ki, Azərbaycanda səhiyyə işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması hər zaman prioritet məsələlərdən biri olub. Belə ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.

Bu barədə mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı mətbuat konfransında bildirib. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini deyən Z.Əliyev qeyd edib ki, maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək.

Bu əməkhaqqı artımı səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdir. Burada məqsəd tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığı təmin etməkdir. Bununla da tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalacaq. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin  maaşında isə artım 20-90% arası dəyişəcək. Nəzərdə tutulan maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir. Qaydaya əsasən, dəyişikliklərin 2022-ci ilin 1 iyun tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur.

Bundan əvvəl səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına edilən digər bir dəyişiklik səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmi dərəcələrə görə ödənilən əlavələrin məbləğlərinin artırılması ilə bağlı olub. Belə ki, elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə ödənilən əlavələr 20 manat artırılaraq, müvafiq olaraq 100 və 60 manata çatdırılıb.

Bundan başqa, reanimasiya, intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bloklarında/bölmələrində çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək. Daha əvvəl hər pasiyent üçün sözügedən şöbələrdə çalışan həkimlərə yalnız gecə növbəsi zamanı tibbi xidmət göstərilən zaman əlavə ödənilirdi.

1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçmiş oldu. 2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42%-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib.

Tibbi statistik göstəricilərlə yanaşı səhiyyə işçilərinin əməkhaqqı artırılıb və tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib. 2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18% artım əldə edildiyini göstərir. Təchizata gəldikdə isə ötən il ərzində tibb müəssisələri 5 248 ədəd yeni cihaz və avadanlıqla təmin olunub, 274 tibb müəssisəsində İKT infrastrukturunun qurulması üzrə işlər görülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi eyni zamanda tibb müəssisələrində struktur dəyişiklikləri aparıb. Məqsəd idarəetməni təkmilləşdirmək və vətəndaşın tibbi xidmətə əlçatanlığını artırmaqdır. İslahatlar çərçivəsində ötən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin sayı 278-ə yüksəlib, Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi, Sumqayıt şəhərində isə Sumqayıt Tibb Mərkəzi yaradılıb. Ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabr ayından etibarən Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1 256 pasiyent qəbul edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

Daha çox xəbərlər