Cəmiyyət 

Tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklif hazırlanıb – Aynurə Əhmədova

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var

“Ötən il ölkəmizin iqtisadi siyasətində mühüm hadisələrdən olan icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi həyata keçirildi. Bu proses əvvəlcə pilot layihə kimi mərhələli şəkildə reallaşdı. Keçən ilin aprel ayından etibarən artıq icbari tibbi sığorta  bütün ölkəni əhatə etmiş oldu. Cənab Prezidentin də vurğuladığı kimi, icbari tibbi sığorta ölkəmizdə ən prioritet məsələlərdən biri kimi qiymətləndirilirdi. Bu da səhiyyəmizdə yeni maliyyələşmə mexanizmi deməkdir. Yəni, dövlət maliyyələşməsində olan səhiyyə sistemi artıq tibbi sığorta maliyyələşmə sisteminə keçib. Bu da son 30 ildə ölkəmizdə səhiyyə sahəsində aparılan ən mühüm islahatdır.”

Bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “İki sahil”ə  açıqlamasında bildirib.

A.Əhmədova qeyd ebib ki, mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı mətbuat konfransında qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatında  bildirib ki, icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlayıb və aidiyyəti quruma təqdim edib. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

A.Əhmədova vurğulayıb ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatında məlumat verib ki, bəzi səhiyyə işçilərinin maaşına əlavə ödənişlərin məbləği artırılıb. Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən  tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək.”

A.Əhmədova əlavə edib ki, Agentlik tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklif hazırlayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb. Təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan  tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.
Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının (qurumlarının)  nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər.

Daha çox xəbərlər