Təhsil strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır – Kamran Əsədov
İstər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir
Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış olublar.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Azərbaycanda təhsil infrastrukturunun təkmilləşdirilməsi, ən ucqar bölgələr də daxil olmaqla təhsil müəssisələrinin əsaslı şəkildə bərpası və yenidən qurulması işləri uğurla davam etdirilir. Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlər isə xüsusilə təqdirəlayiqdir.
Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır, bir çox dövlət proqramları və layihələr həyata keçirilir: “Son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında müasir məktəblər inşa edilir, yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Ümumiyyətlə, məktəb tikintisi son illər ərzində ölkədə prioritet olaraq qalmaqdadır. Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə, ölkə üzrə indiyədək 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılmışdır. Məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılmışdır”.
Ekspert bildirdi ki, dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır: “Belə ki, Fondun təhsil sahəsində gördüyü işlər çərçivəsində reallaşdırılan “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Qeyd edim ki, bu proses yalnız paytaxtı deyil, bölgələri də əhatə edir. Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu, onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Xatırladım ki, hazırda ölkəmizdə 4472 orta məktəb binası var və onların 3 mindən çoxu təmir olunub. Amma buna baxmayaraq hazırda normal təhsil mühitinin və şəraitinin olmadığı, qəzalı vəziyyətdə olan məktəblər də var. Amma bu məktəblərin hamısı regionlarda yerləşir və azsaylı şagird tutumuna malikdir. Modul tipli məktəblər inşa etməklə bu problemi həll etmək olar. Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Doğrudur, son vaxtlar modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir.”
Kamran Əsədov vurğuladı ki, ölkəmizin iqtisadi gücü bütün məktəb binalarını müasir standartlara cavab verəcək səviyyədə təmin etməyə imkan verir: “Həyata keçirilən islahatlar təhsilin bütün sahələrini əhatə etdiyi kimi, yeni məktəblərin tikintisinə, yeni avadanlıqla təchiz edilməsinə, qəzalı məktəblərin bərpasına və köhnələrin təmirinə də əsaslı şəkildə geniş imkanlar yaradıb. Prezident İlham Əliyev bu sahədə islahatların sürətlə həyata keçirilməsini təmin etmiş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlamışdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmayacaq. Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir”.
Ekspert qeyd etdi ki, Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri böyükdür: “Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara təhsilimizin inkişafında uğurlar arzulayır. Ölkə başçısının sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları da məktəb tikintisinin genişlənməsinə əhəmiyyətli stimul verib. Məktəb tikintisini regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib.
Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin. Təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı, kurikulumun hazırlanması, yeni dərsliklərin yaradılması və digər sahələrdə də islahatlar davam edir. Yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır. Bir sözlə, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir.”
Kamran Əsədov onu da bildirdi ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir: “Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Təsadüfi deyil ki, son illərdə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəəssisələri bərpa və əsaslı təmir edilib. Bunlarla yanaşı, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyilləri və motivlərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri də bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir”.

