Şuşa, qayıdışın mübarək!
Cəlilabad rayon Alar kənd 2 saylı tam orta məktəbində Şuşa ili ilə əlaqədar təşkil olunan növbəti tədbir “Şuşa, qayıdışın mübarək !” adlanırdı. Alar kənd Mədəniyyət evinin təşkilatçılığı sayəsində ərsəyə gələn tədbirdə sözügedən Mədəniyyət evinin və kənd kitabxana filialının əməkdaşları, kəndin inzibati-ərazi nümayəndəliyi, bələdiyyə işçiləri, 1, 2, 3 saylı məktəblərin müəllim kollektivi və şagirdləri iştirakı edirdilər.
Tədbirdə ərazi bütövlüyümüz uğrunda həyatlarını itirmiş Vətənin qəhrəman oğulların ruhu bir dəqiqəlik sükutla anıldı, Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
2 saylı tam orta məktəbin direktoru Tahir Əskərov giriş sözündə tədbir iştirakçılarını salamladı, Prezidentimiz cənab İlham Əliyevin bu ili “Şuşa ili” elan etməsini bir daha iştirakçıların nəzərinə çatdırdı və Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı elan olunduğunu vurğuladı. Çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin fədakar əməyi və ordumuzun şücaəti hesabına 44 günə xalqın 30 illik Qarabağ həsrətinə son qoyulduğunu qürurla qeyd edən Alar kənd inzibati-ərazi nümayəndəsi Hafiz Kərimov həm də Şuşanın hər bir azərbaycanlıya əziz, doğma olduğunu söylədi. Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Hüseynov isə müasir gənclərlə qürur duyduğunu söyləyərək 44 günlük haqq savaşımızda onların misilsiz şücaətindən söz açdı.
Çıxışların sonunda İnsan Hüquqları Cəmiyyətinin sədri Ziya İsmayılov tədbirin rəngarəngliyinə, təşkilatçılığın möhtəşəmliyinə görə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Tədbirin bədi hissəsində 2 saylı məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şerlər, dahi şairimiz Səməd Vurğunun “Vaqif” dramından parçalar səsləndi, rəqs nümunələri göstərildi. Eləcə də Mədəniyyət evinin hazırladığı maraqlı konsert proqramı iştirakçılarda xoş təəssürat yaratmaqla yaddaşlara yazıldı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

