Gündəm 

Azad olunmuş ərazilərdə görülən bütün işlər dövlət büdcəsinin hesabına həyata keçirilir

2022-ci ilin aprel ayı ölkəmiz üçün bir çox baxımdan yaddaqalan oldu. Sadəcə 6 aprel tarixli Brüssel görüşü və 25 aprel tarixli Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı belə bu ayın tariximizdə özünəməxsus yer tutmasına kifayət edə bilərdi. Ancaq ölkə başçımızın iştirakı ilə ADA Universitetində 29 aprel tarixində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans yenə bu ayın əlamətdar xüsusiyyətlərindən biri kimi tarixə iz saldı. Məlumat üçün qeyd edək ki, ötən ilin aprel ayının 13-də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” başlığı ilə keçirilən beynəlxalq konfransdan sonra bu, sayca ikinci belə konfrans idi. Əlbəttə ki, bu konfransların baş tutması, xarici ekspertləri, siyasətçiləri maraqlandıran sualların birbaşa ölkə rəhbəri tərəfindən cavablandırılması Azərbaycanın informasiya müstəvisində öz reallıqlarını, gələcək hədəflərini dünya ictimaiyyətinə çatdırması baxımından fövqəladə əhəmiyyətlidir. Nəzərə alsaq ki, 1990-cı illərdə-Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın ən böyük problemlərindən biri məhz informasiya blokadasında olması idi, onda bu gün bu istiqamətdə atılan addımların vacibliyi daha çox nəzərə çarpır. Konfransda bəhs olunan başlıqlara keçmədən öncə xüsusi olaraq vurğulamaq istərdim ki, ölkə başçımız bundan sonra belə konfransların işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcəyini bəyan etdi. Cənab İlham Əliyev vurğuladı ki, konfranslar Ağdamda, Zəngilanda və azad edilən digər şəhərlərdə keçirilə bilər. Daha sonra ADA Universitetininin rektoru, tədbirin ev sahibi Hafiz Paşayev növbəti toplantının Laçında keçirilməsi ilə bağlı təklifin olduğunu bildirdi. Beləliklə, ölkə başçımızın razılığı ilə növbəti toplantı Laçında olacaq. Bununla da xarici ekspertlər və siyasətçilər işğal illərində ermənilərin törətdiyi vandalizm və barbarlığa əyani şahidlik etmək şansı əldə edəcək.

Konfransla bağlı qeyd etmək istərdim ki, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin, analitiklərinin iştirakı ilə keçirilən konfransa maraq olduqca yüksək idi. Müxtəlif ölkələrin-İsveç, Birləşmiş Krallıq, Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Ruminiya, Pakistan və daha bir neçə ölkənin nümayəndələrinin iştirak etdiyi tədbir 3 saata yaxın davam etdi. Tədbir ərzində dövlətimizin başçısının səsləndirdiyi fikirlər müxtəlif istiqamətləri əhatə etsə də, mahiyyət etibarilə vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərə çarpırdı.

Konfrans çərçivəsində toxunulan məsələlər içərisində mina təmizləmə başlığına xüsusilə diqqət yetirmək istərdim. Məlumdur ki, Azərbaycan ərazisi ən çox minalarla çirkləndirilən ölkələrdən biridir. Təkcə Ağdamda 100 minə yaxın mina var idi. O cümlədən, Füzuli, Zəngilan, Kəlbəcər kimi şəhərlərimizdə də minlərlə, on minlərlə minalar basdırılmışdı. Kəlbəcərdə 10 noyabr üçtərəfli Bəyanatından sonra Azərbaycan tərəfindən humanitar məqsədlərlə verilən qısa müddət ərzində şəhərin minlərlə mina ilə çirkləndirilməsi Ermənistanın bu məsələdə mövqeyinin nə qədər alçaqcasına olduğunun sübutu idi. Konfransda Amerika Birləşmiş Ştatları Ali Hərbi Dəniz Donanma Məktəbinin müəllimi, professor Brenda Şafer tərəfindən bu məsələyə toxunulması və əlavə olaraq bəzi məlumatların səsləndirilməsi cəmiyyətimizin bir daha hansı mənfur xislətli dövlətlə üz-üzə olduğunu nümayiş etdirdi. B.Şafer bildirdi ki, Azərbaycan Ordusunun şəhidlərinin cəsədləri altına minalar yerləşdirilirdi ki, onları daşımaq və ailələrinə təhvil vermək üçün yaxınlaşan həkimlər və tibb işçiləri qətlə yetirilsin və yaralansın. Bu, həqiqətən də müasir dövrdə misli görünməmiş vəhşilikdir. Bu hərəkətləri edən ölkənin cəzalandırılmaması isə əlbəttə ki, daha böyük təəssüf səbəbidir.

Daha bir, məsələ isə bu ölçüdə böyük bir mina təmizləmə problemi ilə üz-üzə olan ölkəyə heç bir qeyri-hökumət təşkilatı və ya qurum tərəfindən dəstək göstərilməməsidir. Ölkə başçımız bu məsələ ilə bağlı vurğuladı ki, təəssüf ki, bu günədək biz heç bir beynəlxalq təşkilatdan hər hansı bir dəstək almamışıq. Biz bir neçə beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik, lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə agentliyimizə başa gələn qiymətdən bir neçə dəfə artıq oldu. Onlar bu işə kommersiya nöqteyi-nəzərdən yanaşdılar və biz bunu anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir. Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb edirlər, bu isə bizim işimizə yaramır.

Dövlət başçımız tərəfindən o da qeyd edildi ki, minaların təmizlənməsinə yardım edən bir sıra QHT və fondlar var. Ancaq bizə heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq. Əlbəttə ki, bu, ədalətsizlikdir. Bu, ikili standartlardır, ancaq nə etmək olar. Bu, bizim yaşadığımız dünyadır. Bununla belə, kiminsə bizə yardım edib-etməməsindən asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik, əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz keçmiş məcburi köçkünlərin hamısını geri qaytaracağıq və Qarabağı dünyaya nümunə olacaq şəkildə yenidən quracağıq. Bəli, dünya reallıqlara göz yumsa da, faktlarla sübut olunduğu halda işğalçını öz adı ilə çağırmaqdan yayınsa da, ədalətli yanaşma göstərərək Azərbaycanın 30 il işğal altında olan torpaqlarını bərpa etməsinə dəstək olmasa da Azərbaycan öz gücünə bu işləri görəcək və Qarabağa əzəmətli günlərini geri qaytaracaq. Qarabağ yenidən gözəlliklərin, ümidin, uşaq gülüşlərinin məskəni olacaq. Bu işdə haqlıya dəstək olanı da, işğalçını qoruyanı da şübhəsiz ki, tarix unutmayacaq. Haqq Azərbaycanladır. Qazandığımız Zəfər və uğurlar Haqq işimizdə yanımızda olan hər kəsi sevindirir. Dostumuz qürurlanır, düşmənlərimiz isə xar olur. Tanrı Ali Baş Komandanımızı, dövlətimizi, xalqımızı, ordumuzu qorusun!

Arzu Abdullayev, 
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Daha çox xəbərlər