Siyasət 

Şəhid ailələrinə qayğı yüksək mənəvi borcun təzahürüdür

Prezident İlham Əliyev daim bildirir ki, bu kateqoriyadan olan insanların problemlərini həll etmək üçün dövlətimiz əlindən gələni edir və bundan sonra da edəcək

Azərbaycanda şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev daim vurğulayır ki, şəhidlər canlarını torpaqların azad olunması və ədalətin bərpa edilməsi, xalqımızın ləyaqətli həyatı naminə fəda edirlər. Ölkə başçısının imzaladığı müvafiq Fərman və sərəncamlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Dövlət başçısının göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi bu kateqoriyadan olan 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.

Dövlət başçısı şəhid ailələrinə və müharibə əlillərinə daimi diqqət və qayğı göstərilməsini dövlət qurumları qarşısında ən ümdə vəzifə kimi müəyyənləşdirib. Şəhid ailələrinə və qazilərə qayğı baxımından cənab Prezidentin 2020-ci il 8 dekabr tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu Fond vasitəsilə artıq xeyli vaxtdır ki, mütəmadi olaraq qazilərimizə və şəhid ailələrinə dəstək göstərilir.

Azərbaycan dövləti hər zaman bu təbəqədən olan insanlara, yəni şəhid ailələrinə, müharibə əlillərinə ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Bakı şəhərinin Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etmələri bunun əyani təsdiqidir. Burada doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və onların övladlarının asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib. Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında həyata reallaşması humanizm, mərhəmət, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və İslam dəyərlərinə əsl sadiqlik nümunəsidir.

Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, ümumilikdə postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Təbii ki, sosial qayğı təkcə mənzil və avtomobil təminatı ilə bitmir. Bu kateqoriyadan olan insanların sağlamlıqlarının bərpası, daimi iş yerləri ilə təminatı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Həmin insanların reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqət göstərilir. Belə ki, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

Bir sözlə, ölkə başçısının şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, cəmiyyətimiz tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prezi­dent İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Ölkə başçısı daim bildirir ki, bu kateqoriyadan olan insanların problemlərini həll etmək üçün dövlətimiz əlindən gələni edir və bundan sonra da edəcək: “Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub”.

Daha çox xəbərlər