Gündəm 

Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar – Prezident İlham Əliyev

Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin  yaradılmasının 23- cü ildönümü münasibətilə «N» saylı hərbi hissədə olub. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin ən mükəmməl və çevik qoşun növü olan xüsusi təyinatlılar 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılaraq  zaman-zaman Türkiyə Ordusunun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində formalaşıb.

Ali Baş Komandan İlham Əliyev də Xüsusi Təyinatlı Qüvvələrə daim yüksək diqqət yetirdiyi üçün onların fəaliyyəti, təchizatı, gündəlik hərbi məşqləri də xüsusi nəzarətdə olub. Bu da məlumdur ki, xüsusi təyinatlı hərbi hissələrə qəbul hər kəsin istəyinə görə deyil, yüksək hərbçilik qabiliyyətinə, əzmkarlığına, çətinliklərə sinə gərmək bacarığına, vətənpərvərliyinə görədir. Burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.

Qürur hissi ilə demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti İkinci Qarabağ müharibəsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar.  Qeyd edək ki, Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin 30 illik  işğalından azad etdi.  Bu qanlı döyüşlərdə xüsusi təyinatlılarımızın peşəkarlığı və qəhrəmanlığı dünyada heyrətlə qarşılandı. Xüsusilə alınmaz qala hesab edilən Şuşa şəhərinin sıldırım qayaları dırmaşaraq məhz kiçik həcmli silahlardan və əlbəyaxa döyüşlərdən istifadə etməklə azad edilməsi Ermənistanın  məğlubiyyətini etiraf etməyə və kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Xüsusi Təyinatlı Qüvvələrin qəhrəman hərbçiləri  döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə «Azərbaycanın Milli Qəhrəmanı», «Vətən Müharibəsi Qəhrəmanı» fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri bu gün dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan ən müasir silahlara, döyüş vasitələrinə və texnikalara sahibdirlər. Həmçinin Xüsusi Təyinatlı Qüvvələrimiz döyüşlərdə yerli müdafiə sənayemizin istehsal etdiyi məhsullardan da də uğurla istifadə edir. Bu gün bu qoşun növünün daha da təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən müharibə variantına hazırdır.

Ali Baş Komandan  İlham Əliyev tədbirdə çıxış edəkən bildirdi ki, xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var: «Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir. Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi Zəfər əldə edə bilər. Onların hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz Zəfər yürüşümüzü dayandıracağıq. Mən demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu.»

Bu gün Cənubi Qafqazdakı geosiyasi reallıqların yaradıcısı məhz Azərbaycan Ordusudur. Regionun söz sahibi olan ölkəmizə rəğmən məğlub Ermənistan artıq yaxşı anlayır ki, Azərbaycanla silah gücü ilə danışmaq mümkün deyil. Ona görə ki, ordumuzun xüsusi hərbi təyinatlılarının  sayının artırılması və onların peşəkarlığının daim yüksəldilməsi Ermənistandakı revanşistlərin başının üzərində «Domokl qılıncı»dır. Ermənilər bu gün Azərbaycan Ordusundan, xüsusilə Xüsusi Təyinatlı Qüvvələrimizdən ciddi şəkildə qorxurlar. Bu  məsələyə xüsusi önəm verən Ali Baş Komandanımız bildirib ki, bütün Azərbaycan xalqı sizinlə fəxr edir: «Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq.»

İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırılıb. Əvvəldə qeyd etdiyimiz kimi, bu hərbi birləşmələrə  seçim daha sərtdir. Lakin sərt olmasına baxmayaraq gənclərimizin bu xidmət növünə marağı çox yüksəkdir. Bu, bir daha göstərir ki, azərbaycanlı gənclər Vətən üçün can verməyə hazır və  güvəniləcək bir şəxsiyyət kimi formalaşıblar. Belə gəncliyi olan ölkə isə heç vaxt basılmaz.

Daha çox xəbərlər