Cəmiyyət 

İcbari tibbi sığor­ta: Səhiyyənin inkişafı üçün hansı tədbirlər həyata keçirilir?

İllərdir müzakirə edilən icbari tibbi sığortanın tətbiqi COVID-19 pandemiyasi səbəbindən bir az geciksə də, 2021-ci ilin 1 aprel tarixindən üçüncü mərhələdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun əhalisinin icbari tibbi sığortadan istifadə etməyə başlaması ilə prosesin tam tətbiqinə başlanıldı. Hazırda icbari tibbi sığortanın tətbiq edildiyi 59 şəhər və rayonda qeydiyyatda olan sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər zərfindən yararlanırlar.

İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı  22 milyondan çox olub. Bu dövrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə  27 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42%-i tibbi xidmətlərdən yararlanıb.

Ötən il müqaviləli tibb müəssisələrinə 35 min 912 göndəriş verilib. Göndərişlər verilən şəxslərin sayı 30 min 438 nəfərə, müqaviləli tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı 27 min 305-ə bərabərdir. Bu ilin ilk üç ayında özəl tibb müəssisələrində göndərişlə icra olunan cərrahi xidmət sayı 4445, 43 müqaviləli tibb müəssisəsinə ödənilən vəsait 8 milyon manatdan çox olub.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Bura təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ilkin tibbi-sanitariya yardımı, ambulator tibbi xidmət, fizioterapiya xidməti, laboratoriya xidməti, invaziv radioloji xidmətlər (angioqrafiya), cərrahi tibbi xidmətlər daxildir. Artıq  Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə  3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb. İlkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilir. Belə ki, 2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18 % artım əldə edildiyini göstərir.

Mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev  2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı mətbuat konfransında bildirib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə  31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur: “Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən  tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin  maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək. Nəzərdə tutulan maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribi 100 milyon manat təşkil edir. Qaydaya dəyişikliklərin 2022-ci ilin 1 iyun tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur”

Qeyd edək ki, bundan əvvəl səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına edilən digər bir dəyişiklik  onlara bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmi dərəcələrə görə ödənilən əlavələrin məbləğlərinin artırılması ilə bağlı olub. Belə ki, elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə ödənilən əlavələr 20 manat artırılaraq, müvafiq olaraq 100 və 60 manata çatdırılıb.Bundan başqa, reanimasiya, intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bölmələrində çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək. Bundan əvvəl hər pasiyent üçün həmin şöbələrdə çalışan həkimlərə yalnız gecə növbəsi zamanı tibbi xidmət göstərilən zaman əlavə ödənilirdi.

Mühüm yeniliklərdən biri də tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq  üçün onlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlıdır. Zaur Əliyev tibb işçilərinə güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı Agentliyin təklifi haqqında mətbuat nümayəndələrinə məlumat verib: ”İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb.”

Agentliyin İdarə Heyətinin sədrinin sözlərinə görə, təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda, gənc ailənin üzvü olmayan  tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb. Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər.

Səhiyyə sistemində aparılan bu cür islahatlar dövlətimizin bu sektorun işçilərinə, səhiyyə mütəxəssislərinə, həkimlərə olan diqqət və qayğısının bariz nümunəsidir. Koronavirus pandemiyası ilə mübarizə zamanı həkimlərin şücaəti Prezident İlham Əliyev və Birinci vitse-prezident  xanım Mehriban Əliyeva tərəfindən yüksək dəyərləndirilib, onların fəaliyyətinə mənəvi dəstək verilib. Tibb işçilərinin əməkhaqlarının artırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər həkimlərin fəaliyyətini daha da stimullaşdıracaq və onların özünü inkişaf etdirməsinə zəmin yaradacaq. Gənc həkimlərin İcbari Tibbi Sığorta Agentliyi tərəfindən hazırlanan təkliflər əsasında güzəştli ipoteka kreditinə çıxışının və sosial mənzil almaq hüququnun təmin olunması istiqamətində təkliflərin verilməsi də çox mühüm bir addımdır.  Bu tədbirlər əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin göstəricisi olmaqla yanaşı, xəstəxanaların və tibb müəssisələrinin maddi texniki bazasının gücləndirilməsinə, yeni müasir avadanlıqların alınmasına, yeni və mövcud xəstəxanalarda isə şəraitin yaxşılaşdırılmasına, ümumiyyətlə, həkimlər üçün nümunəvi bir iş şəraitinin yaradılmasına gətirib çıxaracaq.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir. Bu sahədə insanların maarifləndirilməsi, daha müfəssəl məlumat almasının təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumlar tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır.

Bütün sadalananlar onu deməyə əsas verir ki, hədəflər düzgün müəyyənləşdirilib və o hədəflərə doğru uğurla addımlayırıq. Çox qısa müddət olmasına baxmayaraq dövlətimizin başçısının siyasi iradəsi və diqqəti nəticəsində icbari tibbi sığorta sisteminin bütün ölkə  üzrə uğurla həyata keçirilməsinin şahidi oluruq. Həmrəyliyə əsaslanan bu sosial layihə çərçivəsində səhiyyə sistemində şəffaflaşır, tibbi xidmətlərin keyfiyyəti artırır, tibb personalının əməkhaqları yüksəldilir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur.

Daha çox xəbərlər