Azərbaycan regionda yeni reallıqlar yaradıb
Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat xətləri Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanın beynəlxalq əhəmiyyətli tərəfdaş kimi əhəmiyyətini hər zaman zəruri edir. Aprelin 29-da ölkəmizin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq foruma ev sahibliyi etdi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan baxımından olduqca əhəmiyyətlidir. Dövlət başçısı cənab İlham Əliyev tədbirdə iştirak edərək çıxış etmişdir. Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, bu cür ənənəvi görüşlər planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir. Bu beynəlxalq konfransda cənab Prezident bir daha Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və artıq sülh sazişinin imzalanmasının vaxtının çatdığını bəyan edib. Dövlətimizin başçısı bildirib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. “Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, – deyən dövlətimizin başçısı sülhün və əməkdaşlığın erməni tərəfi üçün də faydalı olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Dövlətimizin başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasınin dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Amma 27 ildə onların heç biri icra edilmədi, Azərbaycan özü həmin qətnamələri icra etdi. Bütövlükdə, Azərbaycan beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmləndirir. Ölkəmiz Cənab İlham Əliyevin liderliyi ilə regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcəkdir.
Regionda yaranmış situasiya və problemlərin həllinə münasibətdə Azərbaycan beynəlxalq əməkdaşlığı prioritet kimi dəyərləndirərək, həm də özü bu əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış edir. Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış, qarşılıqlı hörmət və bərabərtərəfli münasibətlərin qurulması, dünyanın aparıcı beynəlxalq təşkilatlarına üzv olan ölkələrlə həm beynəlxalq birliklər səviyyəsində, həm də ikitərəfli münasibətlərdə yüksək səviyyəli əməkdaşlıq, ən yaxın qonşularımız olan – Rusiya, İran, Türkiyə və Gürcüstanla ikitərəfli və üçtərəfli formatda yüksək səviyyəli münasibətlərin qurulması, qardaş Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transmilli layihələrin uğurla icrası ölkəmizin regionun mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti kimi təqdim edir.
Azərbaycanın iqtisadi gücü, beynəlxalq nüfuzu, müstəqil daxili və xarici siyasəti onu dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və anlaşma şəraitində münasibətlər qurmağa imkan vermişdir. Qarabağ probleminin həlli, regionda qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması üçün indiyədək heç vaxt müşahidə olunmayan imkanlar yaratmışdır. Yeni situasiya regionda sabitliyin, təhlükəsizliyin, uzunmüddətli sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsinin qarantı kimi çıxış edə bilər. 44 günlük müharibədən sonra regionda əməkdaşlığın yeni formatları üçün zəmin yaranmış, bu əlaqələrə Ermənistanın da qoşulması təklif edilmişdir. Regionda iqtisadi inkişafın, tərəqqinin, sülhün və təhlükəsizliyin təmin edilməsi bu əməkdaşlıqdan keçir. Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantıdır.
Sailə Salahova,
YAP Pirallahı rayon təşkilatının gənc fəalı
