Gündəm 

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpasıdır

«Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim.» 

Bu fikirləri  Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirib. Prezident İlham Əliyev ölkəmiz, o cümlədən  region üçün çox önəmli olan bir layihə- Zəngəzur dəhlizi barədə də məlumat verərək vurğulayıb ki, artıq bu dəhliz reallıqdır : «Zəngəzur dəhlizinin regional əhəmiyyəti ondan ibarətdir ki,burada həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni  beynəlxalq yola çevriləcək.»

Bəli, 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda tamamilə fərqli və həm də xoş bir mənzərə yaradıb. Məhz rəşadətli Azərbaycan Ordusunun döyüş meydanlarında qazandığı qələbələr silsiləsi faşist Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu isə bölgədə yeni iqtisadi, siyasi və hərbi reallıqlar yaratdı. Xüsusilə Prezident İlham Əliyevin  «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Fərmana əsasən, ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir. Yeni təsnifat Azərbaycanın Qələbəsindən sonra yaranan yeni reallıqlara uyğun aparılır. Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Bu həm də psixoloji baxımdan uğurlu bir addımdır. Bu addım bütün müsbət iqtisadi cəhətləri ilə birlikdə Ermənistan cəmiyyətindəki mövcud revanşist qüvvələrə ciddi bir zərbədir.

İşğaldan azad olunmuş torpaqlarımızda yeni iqtisadi rayonların yaradılması həm də Azərbaycan, Rusiya və Ermənistan arasında  imzalanan 10 noyabr  2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur, eyni zamanda, həmin bəyanatların maddələrinin maneəsiz və rasional şəkildə reallaşdırılması deməkdir. Hazırda Azərbaycan dövlətinin qarşısında duran ən əsas məsələ Qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizin istər sənaye, istər turizm, istərsə də aqrar sektorda böyük potensialı var. Məhz Şərqi Zəngəzurda turizm potensialı da çox genişdi. Bu barədə  dövlətimizin başçısı Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: «İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”.»

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının Zəngəzur dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində yerləşməsi, eyni coğrafi məkanda olması, 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində, yəni tarixən birlikdə olması həmin rayonların eyni iqtisadi zonada birləşməsini əsaslandırır ki, bu da məhz tarixi ədalətin bərpası olduğunu isbatlayır.

Şərqi Zəngəzur iqtisadi rayonunun bu gün geniş şəkildə fəaliyyətə başlaması Qələbəmizlə möhürü vurulmuş «Qarabağ Azərbaycandır!» işarəsi şüarının növbəti rəsmi ifadəsidir. Şərqi Zəngəzurun mövcudluğu və inkişafı həm də  ermənilərin «status» məsələsini birdəfəlik dəfn etdi. Onların kabusuna çevrilən məsələ odur ki, Şərqi Zəngəzur iqtisadi rayonunu yaradan Azərbaycan tarixi torpaqları olan Qərbi Zəngəzura da nə vaxtsa sahib olacaqdır. Xüsusilə bu məsələdə Zəngəzur dəhlizinin açılması Ermənistan üçün bir öhdəlikdir və ermənilərin bundan imtina etmək imkanları da yoxdur.

Daha çox xəbərlər