Region Xəbərləri 

Tərtərdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib

Mayın 4-də Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər şəhəri 6 saylı tam orta məktəbdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Tərtər rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, Tərtər rayonu “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov və Tərtər şəhəri 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, övladının savadlı, təhsilli, xüsusilə də ali və orta ixtisas təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutması hər bir valideynin ən böyük arzusu olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir. Məhz buna görə də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır.
Bildirilib ki, kütləvi olmasa da, bir çox ailələrdə erkən nikahlar və bununla bağlı müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. Bütün bunların qarşısını almaq üçün qızların təhsilə cəlb olunması istiqamətində mühüm işlər görülməlidir.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Daha çox xəbərlər