Yola davamın Zəfər mərhələsi
Ulu Öndər xalqın qəlbində və yaddaşında özünə elə bir abidə ucaldıb ki, onun əzəmətini bir-birini əvəz edən nəsillərimiz daim görəcək, dəyərləndirəcək, müstəqil dövlətçilik ideyalarına sadiq olacaq, ölkəmizin inkişafı üçün məsuliyyətlə çalışacaqlar. Heydər Əliyev başladığı işləri cənab İlham Əliyevin rəhbərliyi ilə davamçılarının axıra çatdıracağına inamını 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində uzaqgörənliklə ifadə etmişdir. Bu inamın və xalqın etimadının ən yüksək səviyyədə doğrulması Azərbaycanın hazırkı gücündə, qüdrətində, sosial-iqtisadi və mədəni inkişaf səviyyəsində, bir də 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdə öz təcəssümünü tapmışdır.
ARANTV.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir. Bu yaxınlarda Dünya azərbaycanlılarının mədəniyyət paytaxtımız Şuşada keçirilən V qurultayındakı çıxışında cənab Prezident İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Dövlətimizin başçısı demişdir: “Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik”.
Qurultayın işğaldan azad edilmiş və vüsətli bərpa-quruculuq işlərinin aparıldığı Şuşada keçirilməsi böyük rəmzi məna daşıyırdı: bu il 270 illiyini qeyd edəcəyimiz qədim şəhər xalqımız üçün əziz, doğma məkandır, Qarabağın tarixən Azərbaycana məxsusluğunu rəmzləşdirən təbiət və mədəniyyət incisidir. Ötən əsrin 70-ci illərində Şuşanın sürətli inkişafı üçün Ulu Öndər Heydər Əliyev çox böyük işlər görmüş, xüsusi qərarlar qəbul etmiş, burada mədəniyyət xadimlərimizin xatirəsini əbədiləşdirmişdir.
Erməni faşizmi üzərində Qələbə məhz ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin apardığı köklü ordu quruculuğu ilə birbaşa bağlıdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəman Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşdə bu faktı vurğulayaraq, 23 il əvvəl Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə bu ordu bölməsinin yaradılmasını böyük uzaqgörənlik kimi səciyyələndirmiş, Xüsusi Təyinatlı Qüvvələrin İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə özünü bir daha sübut etdiyini qürurla bildirmişdir.
Bütün sahələrdə Ulu Öndərin yolunu davam etdirən cənab Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən münaqişənin siyasi-diplomatik yolla həlli üçün göstərdiyi böyük səylərlə paralel olaraq hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirərək, hazırda öz gücü, qüdrəti və döyüş təcrübəsi ilə dünyanın diqqət mərkəzində olan rəşadətli Azərbaycan Ordusunu formalaşdırmışdır. Ordumuz xalqımızın qüruru, onun sıralarında xidmət keçənlərin hər biri ən dəyərli vətəndaşlarımızdır.
Vətən müharibəsində əldə edilmiş Qələbə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsgərinin qanı, canı bahasına və əməyi nəticəsində qazanılmışdır. Torpaqların işğaldan azad edilməsi uğrunda şəhidlər vermişik və onların hər birinin xatirəsi bizim üçün əzizdir, müqəddəsdir. Dövlətimiz və xalqımız bizə bu Qələbəni bəxş etmiş şəhidlərin adını uca tutur, onların xatirəsini əbədi yaşadır. Azərbaycan dövləti daim şəhid ailələrinə, müharibə əlillərinə və qazilərinə böyük qayğı ilə yanaşır. Müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən mühüm qərarlar qəbul edilmişdir və operativ şəkildə icra olunur. Bu istiqamətdə işlər bu gün də ardıcıl şəkildə davam etdirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondu şəhid ailələrinin sosial-məişət problemlərinin həllinə mühüm dəstək göstərir, ixtisaslı yerli və xarici mütəxəssisləri cəlb etməklə cəbhədə yaralanmış əsgərlərimizin müalicəsini və reabilitasiyasını təşkil edir.

