Ağdamda şəhidin xatirəsi yad edilib
Ağdam rayonunda şəhid Anar Yusifovun ad günü qeyd edilib və şəhidin məzarı ziyarət olunub.
Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov, həmçinin Şəhid ailələri, Qazilər, rayon ictimaiyyətinin nümayəndələri və məktəb şagirdləri şəhid Anar Yusifovun məzarını ziyarət ediblər, Şəhidin məzarı önünə əklil və gül dəstələri düzüblər.
ARANTV.AZ xəbər verir ki, tədbir zamanı Ali Baş Komandanımızın rəhbərliyi altında Anar Yusifov kimi igid oğullarımızın sayəsində Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Anar Yusifov 2020-ci il oktyabr ayının 30-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.














