Ağstafada Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Mayın 9-u ağstafalı Vətən müharibəsi şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günü münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
ARANTV.AZ xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, Ərazi Partiya Təşkilatlarının fəalları, şəhid ailələri, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin Vətən müharibəsi şəhidləri Hüseynli Əliheydər Səlahəddin oğlunun, Əmrahov Emin Əvəz oğlunun, Quliyev Təbriz İlqar oğlunun, Abdullayev Elgün Əmirxan oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Daha sonra tədbir iştirakçıları şəhid Elvin İmaməliyevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildiririk ki, Elvin İmaməliyev Vətən müharibəsində göstərdiyi cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb. Ağstafanın ən gənc direktoru kimi adını tarixə yazdıran Elvin İmaməliyev həm də Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatı Gənclər Birliyinin sədri idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!












