Zəfər tariximiz
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşlar.
27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi,
Zəfər tariximizin memarı prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəldik, biz zəfər çaldıq.
Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.
Aynurə Əyyubova-YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru.

