Gündəm 

“Müstəqillik yolu qədər çətin yol yoxdur.”

(Heydər Əliyev)
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 10 May – Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.
Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır. Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə keçmiş Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayırılmasına nail oldu. Qısa bir vaxtda Azərbaycan durğunluqdan, iqtisadi tənəzzüldən qurtularaq, inkişaf etmiş sənayeyə malik qabaqcıl sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı.1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Həmin dövrdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.
Ulu öndərin Azərbaycan xalqının maddi və mənəvi həyat sferasına gətirdiyi zənginlikləri saymaqla bitməz. O, SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərinə bağlılığının parlaq təzahürüdür.
Görkəmli şəxsiyyət hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.
Xüsusilə də, xalqın təkidi ilə Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.
1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Keçən dövr ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Cənab Prezident İlham Əliyevin dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə ölkəmizin müstəqilliyi daha möhkəmləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir.
Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Nə qədər ki qədirbilən xalqımız var, nə qədər ki müstəqil Azərbaycan var ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.

Daha çox xəbərlər