Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir.
Azərbaycan tarixində nadir zəkası və əfsanəviləşən hünəri ilə şərəfli bir silsilə təşkil edən şəxsiyyətlərin sırasında hamıdan ucaya qalxmaq, ümummilli lider səviyyəsinə yüksəlmək XX əsrdə bir qərinədən artıq müddətdə xalqımıza rəhbərlik etmiş, onun hərtərəfli inkişafına nail olmuş, milli dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi uğrunda mübarizənin öndəri olmuş, respublikamızı tarixi inkişafın ən uca mərtəbəsinə qaldırmış və sağlığında əfsanəviləşmiş ali soydaşımız Heydər Əlirza oğlu Əliyevə nəsib olmuşdur. Bütün dövrlərdə ən ali örnək kimi qəbul ediləcək böyük vətəndaş, qüdrətli lider yalnız dövlətin tərəqqisi, müstəqil Azərbaycanın – onun vətəndaşlarının işıqlı və xoşbəxt gələcəyi naminə yaşayırdı. Həyatını xalqına fəda edən, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyən Heydər Əliyev Azərbaycanın son onilliklər ərzində qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifidir.
Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına yeni məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha yaxından göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir qaynaqdan– Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının formalaşmasına çalışan ümummilli lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün həyatını şam kimi əritmişdir.
Heydər Əliyev indiki müstəqil dövlətimizin bütün sahələr üzrə gələcəyinin cizgilərini, təxminən, 46 il bundan əvvəl çəkmişdi. Onun 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişini tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki ulu öndərin rəhbəliyinin birinci dövründə respublikada köklü dəyişikliklər baş vermişdi. Əgər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində yurdumuzun sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən zəruri işlər olmasaydı, bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi müsahibəsində “Qoy ədalət zəfər çalsın”—deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi mənasında, ədalətin zəfər çalmasına nail oldu. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”,-deyən Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.
Həmin dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.
Sovet zamanında, hər bir tapşırığın mərkəzdən verildiyi vaxtda geridə qalan Azərbaycanda insanların öləziyən ümidlərini ruh yüksəkliyi ilə əvəz edib, fəal təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə yönəltmək əsl qəhrəmanlıq, möhtəşəm bir rəhbərlik nümunəsi idi. Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin hüdudlarını bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyindən xəbərdar olurlar.
Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi- ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur.
Ümummilli lider Heydər Əliyevin xalqın istəyi və iradəsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi isə canından artıq sevdiyi Azərbaycanı, xalqımızı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə həyatını təhlükəyə atmaqla, qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa ölümündən çəkinməyərək nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq səhifəsi idi. Heydər Əliyev fəaliyyətinin 1993–2003-cü illəri də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Mən bir amili də qeyd etmək istəyirəm ki, əslində, Heydər Əliyev Azərbaycanın gələcəyi naminə siyasi fəaliyyətə hələ 1940-cı illərdən başlamışdır. XX yüzilliyin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin antiazərbaycan nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü çağında məhz Heydər Əliyev başlamışdır. Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi. Məhz Heydər Əliyev dühası Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini keçən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni bir dövr başladı.
Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri ordu yarada bilməmişdi. Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Az zaman ərzində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı. Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçılarından birinə çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Heydər Əliyevin həyata keçirdiyi siyasətin başqa bir istiqaməti iqtisadi tənəzzülün qarşısının alınmasıdır. 1995-1996-cı illərdən başlayaraq iqtisadi böhran aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. İqtisadi islahatların bəhrəsi xalqın rifahına da müsbət təsir göstərməyə başladı. Qısa zaman kəsiyində Azərbaycan iqtisadi baxımdan Qafqazın ən qabaqcıl ölkəsi oldu.
Bəli, türk dünyası üçün mühüm tarixi hadisələrlə əlamətdar olan bir dövrdə anadan olan Heydər Əliyev də öz xalqının milli varlığını dünyaya tanıtmaq və onun müstəqil dövlətini yaradaraq, onu daim zəfərlərə doğru aparmaq kimi olduqca çətin və şərəfli bir missiyanı onu Azərbaycana bəxş edən Tanrının bu xalqa olan istəyinə layiq səviyyədə həyata keçirmişdir. Bir insan olaraq, anlayışın və mərhəmətin, bir lider olaraq, əzəmətin, bir vətəndaş olaraq, həyatın şüarını, vətəninin, xalqının gələcəyinə həsr etməyin minlərlə Azərbaycan gəncinin gələcəyinə çağırışdır. Ulu öndərin xalqa müraciəti zamanı onun millətə, vətənə dərin sevgisini duymamaq mümkün deyil. “Bu siyasəti mən onun üçün apara bilirəm ki, bu, mənim iradəmdir, həyatımın qayəsidir, mənasıdır.” Ulu Öndər üçün siyasətin təməlində azərbaycançılıq ideologiyası dayanırdı.Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasına ilk növbədə dünyada yaşayan 40 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti – müstəqil Azərbaycan dövlətini qoyurdu.
Heydər Əliyev çıxışlarında bu məsələyə belə şərh verirdi: Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Milli ideologiyadan danışarkən biz ilk növbədə bütün xalqımızı, xüsusən gəncləri Azərbaycanın müstəqil dövlətçiliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etməliyik.
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən artıq çoxdan təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hər kəsdən yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini– İlham Əliyevi Azərbaycana bəxş etməsidir.
Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Bu gün Azərbaycan dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Bütün bu nailiyyətlərin təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır. Bu yolda ölkə başcısı xalqına güvənərək əmin addımlarla irəliləyir. Heydər Əliyev isə möhtərəm Prezident İlham Əliyevin vurğuladığı kimi: “Nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu da tariximizdə daim yaşayacaq və əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider örnəyi kimi xatırlanacaqdır !”.
Arifət Əhmədova – YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru

