Ermənistana “üç meymun” yanaşması
İşğalçı Ermənistanda yaranan qarşıdurmalarda pozulan insan hüquqlarını görməyən Qərbin demokratiyaya fərqli baxışları
Siyasətçilərin, analitiklərin sözləri ilə deyilsə ən təhlükəli terrordan da qorxulu olan ikili standartlar milli münaqişələrin alovlanmasında istifadə edilən ideoloji silahdır. Müstəqillik əldə etdikdən sonra ikili standartlara ən çox məruz qalan Azərbaycanın torpaqlarının 30 il Ermənistanın işğalı altında qalması da beynəlxalq təşkilatların, Qərbin təcavüzkarla təcavüzə məruz qalan tərəfə eyni yanaşma sərgiləmələri nəticəsində mümkün olmuşdu. Bir az keçmişə nəzər salmaqla ölkəmizə qarşı qərəzli yanaşmanın yaratdığı fəsadlar daha aydın görünür. «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi, Birinci Avropa Oyunları ərəfəsində və yarışların davam etdiyi müddətdə Azərbaycana qarşı aparılan «qara piar» kampaniyalarını xatırlayaq. Ümumavropa ailəsinin tarixində ilk dəfə keçirilən bu möhtəşəm idman bayramına ev sahibliyi edən Azərbaycan haqqında yanlış fikir formalaşdıran ermənipərəst qüvvələr yarışlara ən yüksək səviyyədə hazırlaşan ölkəmizlə bağlı heç bir əsası olmayan təxribat, «boykot» kampaniyasına başladılar. Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planlarını həyata keçirmək üçün qərəzli qarayaxma kampaniyasında Qərbin formalaşdırdığı « beşinci kolon»dan istifadə edən beynəlxalq təşkilatlar «İnsan hüquqları naminə idman” kampaniyası» adlı sənəd qəbul etməklə də mənfur niyyətlərini həyata keçirməyə çalışdılar. Ölkəmizin iqtisadi inkişafının, regional, əhəmiyyətinin təkzib edilməsi, mənfi xarakterli məlumatların ictimailəşdirilməsi, idman obyektlərinin müasir standartlara cavab verməməsi, Birinci Avropa Oyunları üçün ayrılan vəsaitin fantastik dərəcədə şişirdilməsi ilə bağlı qərəzli məlumatlar yayıldı, əsassız ittihamlar səsləndirildi. Birinci Avropa Oyunlarını boykot etməyə çalışan Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların «qara piar» kampaniyaları sonda özlərinə qənim oldu. Yarışları yüksək səviyyədə təşkil edən Azərbaycanla bağlı qonaqların söylədikləri xoş sözlər qərəzli beynəlxalq təşkilatların özlərinin «boykot»u ilə nəticələndi. Beynəlxalq təşkilatların son 30 ildə ölkəmizə qarşı apardıqları təxribat kampaniyalarını, ikili standartları ədalətsiz yanaşma kimi dəyərləndirən Prezident İlham Əliyev «Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu» sözləri ilə onu da bildirir ki, qərəzli ittihamların əksinə olaraq Azərbaycan haqq yolunda inamla addımladı, daha güclü, qüdrətli dövlətə çevrildi. Azərbaycana qarşı ikili standartlarını İkinci Qarabağ müharibəsindən əvvəl, Vətən müharibəsinin davam etdiyi dövrlərdə də ölkəmizə qarşı qərəzli münasibətləri ilə bildirən erməni havadarlarının cəhdləri xalqımızın Qələbə əzmini sındıra bilmədi.
Azərbaycanda adi hadisəni şişirdərək beynəlxalq səviyyəli problemə çevirən, haqq-ədalətdən danışan, beynəlxalq hüquq normalarından sitatlar gətirən beynəlxalq təşkilatlar hazırda Ermənistanda pozulan insan haqlarını görmür və yaxud görməzdən gəlirlər. Aksiya iştirakçılarının tələblərini eşitmirər. Danılmaz fakt budur ki, Qərbi, Avropanı təmsil edən beynəlxalq təşkilatların insan hüquqlarının pozulmasına verdikləri dəyər onların maraq dairəsində olan ölkələrə münasibətlərinə görə fərqlidir. Antimüsəlman mövqeyini, qərəzli baxışlarını dolayı, birbaşa, yaxud başqa metodlarla bildirən Qərbin «xristian klubu»”nun təmsilçilərini Azərbaycanın yalnız İslam ölkəsi olması deyil, tolerant və multikultural dəyərlərin təbliğatçısı kimi tanınması da narahat edir. Buna görə də ölkəmizdə baş verən kiçik bir məişət hadisəsini belə şişirdərək Azərbaycan əleyhinə kampaniyalara başlayırlar. Təbii ki, bu sahədə ölkəmizdəki satılmış milli xəyanətkarlardan, antimilli qüvvələrdən də vasitə kimi geniş istifadə olunur.
Artıq bütün dünyada siyasi, iqtisadi, hərbi qüdrəti ilə tanınan Azərbaycana qarşı bu cür təsir və təzyiqlər əhəmiyyətsizdir. Necə deyərlər, keçi suyu bulandırmasıdır. Çünki regionda yaratdığı yeni reallıqlarla dünya siyasətinə təsir imkanlarını artıran Azərbaycan həqiqətləri ikili standartlardan daha inandırıcı və təsiredicidir.
Amma məsələ burasındadır ki, illərdən bəri Azərbaycanda «insan hüquqlarının pozulmasından» ağızdolusu danışan Qərbin beynəlxalq təşkilatlar Ermənistanda gündən-günə artan siyasi gərginliyə, davamlı aksiyalara, siyasi qüvvələr arasındakı toqquşmalara « görmədim, eşitmədim, bilmədim» prinsipi ilə yanaşmaqla, susqunluqlarını qoruyurlar. İşğalçı ölkədə revanşist qüvvələr –müxalifət – hakimiyyət üçlüyü arasındakı qarşıdurmalara, aksiya iştirakçılarına qarşı yönələn polis zorakılığına göz yuman «insan haqları və demokratiya» aşiqləri, Ermənistanda pozulan insan hüquqlarını ədalətli hesab edirlər. İkili standartlardan qaynaqlanan birtərəfli münasibət ədalət qanunlarını da sıxışdırır. Məqsədləri naminə islamofobiya amilindən istifadə edən, qüdrətli Azərbaycanı hədəfə alan Qərb hələ də Ermənistanda baş verən qarşıdurmalara münasibət bildirməkdən, işğalçı dövlətə təzyiq, təsir göstərməkdən yayınır.
44 günlük müharibədən sonra Ermənistana və Azərbaycana ayrılan vəsaitdə də ayrı-seçkiliyə yol verilib. 30 il Ermənistanın işğalına məruz qalan, əraziləri dağıdılan, təbii sərvətləri talan edilən Azərbaycana ayrılan vəsaitlərin həcmində də ədalətsizliyə yol verilib. Qərbin ayrı-seçkiliyinin ən çirkin ifadəsi olan bu tendensiya beynəlxalq təşkilatların imicinə, nüfuzuna xələl gətirir. Məsələ ilə bağlı jurnalistin sualını «Mən yalnız bununla öz fikrimi bildirə bilərəm. Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr» sözləri ilə cavablandıran, bu qeyri-etik yanaşmanı ölkəmizə qarşı mütəmadi göstərilən ikili standartların davamı adlandıran Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salmaqla ədalətsizliyin şahidi olarıq. Azərbaycanın əhalisi 10 milyon, Ermənistanınkı isə 2 milyondur. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər Azərbaycan əraziləri tamamilə dağıdılıb. Həmin ərazilərə 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ərazilərin minalardan təmizlənməsi sahəsində zəngin təcrübəsi olan qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana dəstəklə bağlı müraciətlərin olmaması da ikili standartlardan qaynaqlanır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı yüksək həcmli belə nəhəng paketi mənimsəyə bilməz. Azərbaycan xalqının haqlı narazılığına səbəb olan bu kimi hallarda vahid standartlara əsaslanan ədalət prinsipinə əməl olunması daha humanist addım olardı. Azərbaycan heç kimin köməyi olmadan, öz gücü hesabına işğaldan azad edilmiş ərazilərini yenidən bərpa edir. Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturunun reallaşması üçün qətiyyət göstərir.
İkili standartların bağışlanılmaz bir nümunəsi isə bəzi ölkələr tərəfindən Azərbaycan ərazilərinin saxta, erməniləşdirilmiş adlarla təqdim olunması, ölkəmizə qarşı dezinformasiya hallarının artmasıdır. Bu sahədə Rusiyadakı erməni lobbisi daha fəaldır. Bu cür hərəkətlərə yol verənlər, Azərbaycana qarşı tətbiq edilən ikili standartları islamofobiya adı ilə birləşdirənlər unutmasınlar ki, Azərbaycan ikili standartların qarşısını həqiqətləri ilə ala biləcək qüdrətə, siyasi nüfuza, hərbi gücə, multikultural dəyərlərə malik ölkədir.

