Humanizm, sosial qayğı və İslam dəyərlərinə sadiqlik
Bütün bunlar Prezident İlham Əliyevin idarəçilik konsepsiyasının mühüm tərkib hissələridir
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçiləri, qazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.
Ötən ildən etibarən şəhid ailələri və müharibə əlillərinə Bakının Ramana və Xocasən qəsəbələrində, Abşeron rayonunda, “Ümid” qəsəbəsində, Lənkəranda, Samuxda yeni yaşayış kompleksləri təqdim edilib. Mayın 2-də Prezident və birinci xanım Mehriban Əliyevanın açılışını etdikləri Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksi bu istiqamətdə aparılan işlərin daha bir nümunəsidir. Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksində ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil var. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.
Həmin gün dövlət başçısının bu kateqoriyadan olan vətəndaşlarımıza 200 mənzil və 50 avtomobil təqdim etməsi də cənab İlham Əliyevin idarəçilik konsepsiyasının əsasında həm də milli-mənəvi dəyərlərimizə sadiqliyin dayanmasının daha bir təzahürü, həmin kateqoriyadan olan vətəndaşlara yüksək qayğının daha bir nümunəsi, həmçinin sosial tədbirlərin davamıdır. Xüsusi vurğulanmalıdır ki, Prezidentin şəhid ailələri və müharibə əlilləri ilə görüşü və onlara mənzillərin, avtomobillərin verilməsi məhz müqəddəs Ramazan bayramına təsadüf etdi. Mərasimin məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Çünki humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və İslam dəyərlərinə sadiqlik Prezident İlham Əliyevin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.
Onu da qeyd edək ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğıkeşliklə əhatə edən dövlət başçısının müvafiq Fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilir. Buna misal olaraq bu qəbildən olan vətəndaşlara yönəlik sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılmasının təmin edilməsini göstərmək olar. Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği də 2018-ci ilin əvvəlinə nisbətən 2,3 dəfə artırılaraq 220 manatdan 500 manata çatdırılıb. Müharibə əlilləri və onlara bərabər tutulanlara Prezidentin aylıq təqaüdü isə 2018-ci ilin əvvəlinə nisbətən I dərəcə üzrə 2,4 dəfə artaraq 165 manatdan 400 manat, II dərəcə üzrə 2,4 dəfə artırılaraq 143 manatdan 350, III dərəcə üzrə 2,7 dəfə artırılaraq 110 manatdan 300 manata çatdırılıb. Onlara, həmçinin sığorta stajına müvafiq olaraq aylıq əsasda pensiya və sosial müavinət, I qrup əlilliyi olanlara isə əlavə olaraq təqaüd də ödənilir.
Şəhid ailələri və qazilər haqqında danışarkən, əlbəttə ki, Prezidentin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Ötən müddətdə “YAŞAT” Fonduna toplanan vəsait hesabına şəhid ailəsi üzvlərinin və yaralıların məişət şəraiti yaxşılaşdırılıb, təhsil haqqı ödənib, istehlak kreditləri və tibb xidmətlərinin ödənilməsinə vəsait ayrılıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.
Dövlət 44 günlük Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolunda əzalarını itirən qazilərin yenidən aktiv həyata dönüşü üçün hər şeyi edir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanıb. Artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir – 4-cü nəsil protezlə təmin edilib. Onlardan 188 nəfəri Vətən müharibəsi qazisi, 82 nəfəri isə I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir. “Genium” tipli 4-cü nəsil protezlər aktivliyi və funksionallığı ilə qazilərimizin sərbəst və inamlı şəkildə hərəkət etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə imkan verir. Onu da qeyd edək ki, əlilliyi olan şəxslərə arzu etdikləri tarixdə reabilitasiya xidmətlərindən yararlanmaq üçün qeydiyyata alınmaq imkanı yaradılıb. Reabilitasiya xidmətləri üçün elektron rezervasiya sisteminin tətbiqinə cari ilin fevral ayından başlanıb və artıq 2000-dən çox əlilliyi olan şəxs bu sistemdən yararlanıb.
Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 11 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu, vahid əlaqələndirmə mərkəzləri tərəfindən 30 min şəxsə xidmətlər göstərilib.
Ötən il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında ötən il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin müqabildən olan ailələr daim diqqətdə saxlanılır. Ailələrə baş çəkilir, lazımi dəstək tədbirləri həyata keçirilir.
Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə əlillərinə aidiyyəti təşkilatlar tərəfindən qayğı dövlət qurumlarının mühüm borcuna, vəzifəsinə çevrilib. Bu gün bütün dövlət qurumları və ictimai təşkilatlar şəhid ailələrini, döyüşlərdə yaralananları və müharibə iştirakçılarını daim diqqətdə saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görür.
Bütün bu sadalananlar bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir. Vətən uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçıları bundan sonra da xüsusi qayğı və diqqətlə əhatə olunacaqlar.

