Cəmiyyət 

Toylara salınan puldan vergi tutulacaq iddiası

Natiq Cəfərli:  “Bunun reallaşması nəinki mümkün deyil, qanuna da ziddir”

Sosial şəbəkələrdə toylarda bundan sonra nəmərin terminal vasitəsilə yığılacağını əks etdirən görüntülər maraqla qarşılanıb. Bir neçə gündür ki, bu görüntülər müzakirələrə səbəb olub. Belə ki, toy mərasimlərinin, şənliklərin keçiriləcəyi restoranlarda və şadlıq evlərində “TOYPAY” adlı terminalın qoyulacağı, toy sahibinin istəyi ilə dəvət edilən qonaqların nəməri bu aparat vasitəsilə ödəyəcəyi bildirilir. O da qeyd edilir ki, əldə edilən həmin məbləğdən vergi də tutulacaq. Hətta bununla bağlı qanun layihəsinin hazırlandığı da deyilir. Bütün bu deyilənlər isə insanlar arasında narazılıqla qarşılanıb.

Bu ideyanı irəli sürən “TOYPAY” şirkətinin direktoru Elşən Quliyev mediaya açıqlamasında bildirib ki, artıq 50 restoran bu təklifə müsbət cavab verib: “Terminallar restoranın foyesində qoyulacaq. Toy etmək istəyən şəxslərə nəmərin elektron qaydada yığılması xidməti restoran sahibi tərəfindən təklif ediləcək. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilərlər. Əgər toy sahibi istəsə, “TOYPAY” terminalından istifadə üçün 200 manat icarə haqqı ödəməlidir. Bu aparatdan istifadə toy sahibinin öz istəyindən asılıdır”.

Mürvət Həsənli ən qədim asayiş keşikçilərindən yazdı

Mürvət Həsənli 

“Xəmsə” restoranının sahibi Mürvət Həsənli “Yeni Müsavat”a  bu təkliflə bağlı fikirlərini bildirdi: “Bizə hələ ki belə bir təklif edilməyib. Əslində gözəl işdir, nağd hesablaşmanı aradan qaldıracaq. Orada toy yiyəsinin gəliri sayılmır ki, vergi də tutulsun. Bunu nəzarətdə saxlamaq çox  çətindir. Gəlir nə zaman daxil olursa,  o zaman gəlir vergisi yaranır. İnanmıram ki, vergi tutulsun. Terminallarla hədiyyə verilməsi toy yiyəsi üçün yaxşıdır ki, nağd hesablaşma aradan qalxacaq. Nağd pul kütləsinə ehtiyac azalacaq. O ki qaldı digər məsələyə, şadlıq sarayları, restoranlar istənilən halda vergi qanunu ilə tənzimlənir. Tutaq ki, Bakıda  toydan əldən edilən məbləğin 8 faizindən vergi ödənilir. Misal üçün, 50 min manat məbləğdən 8 faiz, yəni 4 min manat vergi ödənilir. Restoranın aldığı gəlirdən mənfəət, yaxud digər vergilər var ki, onların hamısı ödənilir.  Bu, Bakı şəhərində 8 faiz, kənar yerlərdə 4 faizdir. İctimai iaşə obyektlərində xüsusi vergi rüsumları var ki, onlar da ödənilir”.

Quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi yoxdur” - Natiq Cəfərli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərlinin də mövzu ilə bağlı “Yeni Müsavat”a söylədiyi fikirlər diqqət çəkdi: “Bunun reallaşması nəinki mümkün deyil, qanuna da uyğun deyil. Çünki Azərbaycanda ianələrin vergidən azad olunması haqqında qanun var. Toylara salınan nəməri də ianə saymaq olar. Bundan vergi tutulması mümkün deyil. Bunu vətəndaşların fəaliyyətinə müdaxilə kimi qiymətləndirmək olar. Bu, konstitusiyanın müddəalarının da pozulması sayılır. Ümumiyyətlə, bunun reallaşdırılması mümkün deyil. O terminalların nə rolu olacaq ki?! Pulu kartdan-kartamı köçürəcəklər? Kiminsə hesabına pul köçürəcəklər?! Səsləndirilən fikirlərin reallaşdırılması mümkün deyil. İanələrdən vergi tutulması da mümkün deyil. Hətta ölkəmizdə bank faizlərindən gələn gəlirlərdən belə vergi tutulmur. Bu kimi məsələləri ortalığa atmaqdansa, ümumiyyətlə, Azərbaycanda toyların keçirilmə konsepsiyasının dəyişdirilməsinin vacibliyi haqqında danışmaq lazımdır. Bunu da qanunla, qadağalarla yox, təşviqlə etmək ola bilər. Türkiyədə 70-80-ci illərdəki toylar bizim indiki toylara çox bənzəyirdi. İndi orada tamam fərqli toy mədəniyyəti yaranıb. Çünki cəmiyyətin ”elit” hesab etdiyi təbəqə, istərsə də kasıb təbəqəsi daha sadə, daha mütəvazi toyların keçirilməsinə başladılar. Nəticədə cəmiyyətdə bir ənənə halını aldı. Bu barədə düşünmək, təşviq etmək daha doğrudur, nəinki mənasız işlərlə məşğul olmaq. Bunun qanunvericiliklə də, məntiqlə də, davranış qaydaları ilə də heç bir əlaqəsi yoxdur. Bu rüşvət deyil, korrupsiya deyil ki, burada şəffaflığa ehtiyac yaransın. Bundan vergi də tutulmur. Bunun heç bir məntiqi izahı yoxdur.

Dünya bərqərar olandan bəri, hüquq sistemi yaranandan bəri qanunlar davranış qaydalarını tənzimləmək üçündür. Davranış qaydaları necədirsə, qanunlar da ona uyğunlaşdırılır. Qanunları davranış qaydalarına uyğunlaşdırmaqdansa, qanun vasitəsilə davranışları dəyişdirməyə çalışırlar, bu yanlışdır. Davranış qaydaları müzakirələrlə, şəxsi örnəklərlə dəyişə bilər. Bu mənada razıyam ki, Azərbaycanda toyların keçirilməsi qaydaları dəyişdirilməlidir. İsrafçılığa yol verilir, səs-küy çoxdur. Bununla bağlı yeniliyə ehtiyac var”.

Qeyd edək ki, layihə rəhbəri toya salınan nəmərdən faiz tutulacağı ilə bağlı iddiaları təkzib edib: “Bəzi insanlar elə düşünür ki, bu yolla vergi orqanları onların qazancına nəzarət edəcək. Bu, kökündən yanlış fikirdir. Heç kəsin qonaq siyahısı, toya salınan məbləğin qədəri bizim üçün maraqlı deyil. Biz, sadəcə, proqram təminatı hazırlayaraq insanlara bunu təklif edirik”.

Daha çox xəbərlər