Şəhidlər sonsuz ehtiramla yad ediliblər
Bir qrup zəngilanlı ziyalının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində rayonumuzu işğaldan azad edərkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızdan bir neçəsinin ailəsi ziyarət olunmuşdur.
Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın rəhbəri Sənan Məhərrəmovun təşkilatçılığı ilə baş tutan bu ziyarət “Zəngilanın səsi” qəzetinin baş redaktoru, şair-dramaturq Salam Cavadlı, Azərbaycan Yazıçılar Birliyi Zəngilan rayon şöbəsinin rəhbəri, şair-jurnalist Mahir Cavadlı, Azərbaycan Silahlı Qüvvələrinin veteran polkovnik-leytenant Daşqın Abbasov, Müdafiə Nazirliyinin əməkdaşı, ictimai fəal Əntiqə Hüseynova, vətənpərvər ziyalılar Nilufər İmanova, Elçin Cavadov, müharibə iştirakçısı Fariz Məhərrəmov, eləcə də İctimai Şuranın fəal üzvləri Dilşad Həsənova və Səidə Məmmədova qatılmışlar.
Nəcib missiya Bərdə şəhərindəki Şəhidlər xiyabanından – Dövlət Sərhəd Xidmətinin ölümə meydan oxuyan nəğməkar döyüşçüsü, şəhid Xudayar Yusifzadənin məzarını ziyarətlə başlamışdır. Zəngilan ziyalılarını burada şəhidin anası və doğmaları qarşılamışlar. Rayonumuzun təmsilçiləri Xudayar Yusifzadənin və xiyabandakı bütün şəhid məzarlarının üzərinə tər qərənfil dəstələri düzmüş, ziyarətlərinin məramını açıqlamış, səmimi duyğularını, ürək sözlərini dilə gətirmişlər.
Sonra Salam Cavadlının “Ölməzlik haqqı qazanan oğullar” kitabının da yer aldığı şəhidin ev-muzeyi ziyalılarımız tərəfindən ziyarət olunmuşdur.
Səfər iştirakçıları elə həmin gün Ağstafa rayonunun Poylu kəndində Sərhəd Qoşunlarının xüsusi dəstəsinin giziri, şəhid Məhəmmədəli Ələkbərovun və Böyük Kəsik kəndində həmin Xidmətin baş giziri Vətən Müharibəsi Qəhrəmanı, oktyabr ayının 20-də Zəngilan şəhərinə ilk olaraq Azərbaycan Bayrağını sancan şəhid Azər Yusiflinin ailələrinə baş çəkmişlər.
Məzarüstü çıxışlarda şəhidlərimizin və şəhid ailələrinin ən yüksək şərəfə,hörmət və ehtirama layiq olduqları dəfələrlə vurğulanmışdır. S.Cavadlı şəhidlərə dərin ehtiram hissi ilə qələmə aldığı “Ölməzlik haqqı qazanan oğullar” kitabını hər iki şəhidin ev-muzeyinə təqdim etmişdir.
Ziyalılarımız şəhid ailələrini ziyarət edərkən eldən-elə sovqatsız getməzlər ənənəsinə sadiq qalmışlar.
Həmyerlilərimiz səfərlərini Ağstafa şəhər qəbiristanlığında 1992 -ci ilin dekabr döyüşlərində Zəngilanda şəhid olmuş igid polis kapitanı Təbiət Qurbanovun məzarını ziyarət etməklə tamamlamışlar.
Xəyyam Əliyev

