Əsas səhifə 

Bu gün azad Qarabağımız, azad Şuşamız dirçəlir

Vətən müharibəsinin gedişində xarici mətbuata müsahibələrində  «Atamın yolu mənim üçün bir işıq yoludur» fikrini  önə çəkərək Ümummilli Liderin artıq tarixə qovuşan Dağlıq Qarabağla bağlı vəsiyyətinin olub-olması sualını   cavablandıran Prezident İlham Əliyev tarixi Zəfərimizin fonunda  Şuşada dahi şəxsiyyətin qeyd olunan doğum günündə bir daha «Qarabağ Azərbaycandır!» bəyan etdi

Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsi dövründə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində jurnalistin «Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti olubmu, olubsa nə idi» sualına cavabını xatırlatmaq istərdik. «Atamın yolu mənim üçün bir işıq yoludur» söyləyən ölkə Prezidenti bildirmişdir ki, onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur: «Mən ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə – istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da təzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər olmuşdu ki, Dağlıq Qarabağa müstəqillik verin, Dağlıq Qarabağ sizdən ayrıldı, sizdən qopdu. O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqının maraqlarına zidd olan heç bir sənədə qol qoymadı. Çünki o xalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm – Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.»

Prezident, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı. Vətən müharibəsinin Müzəffər Sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin anti-Azərbaycan mövqeli xarici qüvvələrə mesajlar  göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Müharibə dövründə orduya və xalqa verilən mənəvi ruh yüksəkliyinin arxasında məhz  Ali Baş Komandanın cağırışları, əminlikləri  dayanırdı.

İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, ən əsası xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı oldu. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur,  torpaqlarımız sahibinə qovuşduğu üçün alnı açıq, başı ucadır. Dünyanın müxtəlif ölkələrində yaşayan  soydaşlarımızın, 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin azad Şuşamıza toplaşaraq Zəfər Qurultayını keçirmələri də deyilənlərin təsdiqidir.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə, azad Şuşaya hər bir səfəri, nitqində yer alan çağırışlar, mesajlar  hər kəsdə daha möhtəşəm gələcəyə inam formalaşdırır. İki ilə yaxındır ki, hər bir tarixi günü Zəfər ruhunda qeyd etməklə yanaşı, belə önəmli günlərin işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması xoşbəxtliyimiz, sevincimizdir. Cənab İlham Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  doğum gününün ötən il Naxçıvanda, bu il isə Füzulidə və  Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada qeyd etdi.  Dövlət başçısı  Şuşada “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısındakı  müraciətində Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edərək möhtəşəm Zəfərimizin fonunda təəssüflə qeyd etmişdir ki,  atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər: «Biz – onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.»

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Şuşa  dipomatik mərkəzə  çevrilərək tədbirlərin keçirilməsi, sənədlərin imzalanması üçün ideal məkan kimi qəbul olunur. Qarabağın tacının  şöhrətinin qısa müddətdə  özünə  qaytarılması bu doğma torpağın Azərbaycan xalqı üçün xüsusi önəmi olduğunu təsdiqləyir.

Cənab İlham Əliyev Vətən müharibəsinin gedişi dövründə   Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin istiqamətin hara olması ilə bağlı sualını cavablandırarkən bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”: “Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”.

Bu gün azad Qarabağımız, azad Şuşamız  dirçəlir. Ulu öndər Heydər Əliyevin yaratdığı  möhkəm təməl  Azərbaycanın davamlı uğurlarına, hər bir hədəfə yüksək səviyyədə nail olmasına yol açır.Hazırda Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə Azərbaycanın dayanıqlı inkişafına töhfələr verməsi üçün mühüm addımlar atılır, bərpa və quruculuq işlərinin miqyası genişlənir.  Bu gün Füzulidə və Şuşada görülən işlərin fonunda işğaldan azad edilmiş bütün torpaqlarımızın bərpasını və yenidən qurulması prosesini təsəvvür etmək mümkündür. Mayın 10-da Füzulidə olan cənab İlham Əliyev  və birinci xanım Mehriban Əliyeva  əvvəlcə bu şəhərdə  inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Sonra şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkdilər. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır. Bu torpaqlar  minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir.  Füzulidə yeni yaradılacaq park kompleksi  şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək. Səfər çərçivəsində,  həmçinin   180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu.

Bütün addımların əsasında  soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat yaşayışının təmin edilməsidir. Hər bir şəhərin Baş planında sosial layihələr xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Şuşada bir sıra sosial obyektlərin təməlqoyma mərasimində iştirak etdilər, həmçinin görülən bərpa-quruculuq işləri ilə yaxından tanış oldular.  Dövlət başçısı  Şuşadan etdiyi müraciətdə bu fikri də xüsusi qeyd etmişdir ki, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, ümumilikdə  Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur: «Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.»

Müzəffər Ali Baş Komandan İlham Əliyev  «Mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» söyləməklə Heydər Əliyev siyasətinin uğurlarını, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının Ümummilli Liderə böyük sevgi və ehtiramını ifadə edir. Təbii ki, hazırda qalib ölkəni vətəndaşı olmaq nə qədər qürurvericidirsə, bir o qədər də məsuliyyətlidir. Hər birimiz bu Qələbəyə gedən   yolu daim təhlil etməli, Heydər Əliyev irsinin təbligində  fəal iştirak etməli, Azərbaycanın yeni-yeni hədəflərə yüksək səviyyədə nail olmasına  öz töhfəmizi verməliyik.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdən səslənən hər bir mesaj qalib Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir. Eyni zamanda, bu mesajlar Azərbaycanın 30 ilə yaxın dövrdə  apardığı təbliğatın təsdiqi, dünyaya ədalət, beynəlxalq hüququn norma və prinsiplərinə zamana və məkana görə deyil, vahid mexanizm əsasında yanaşmaya çağırışdır. Bu mesajlar işğalçı Ermənistanın illərdir yaratdığı «məğlubedilməzlik» mifinin dağılılması deməkdir. 44 gündə Azərbaycan Ordusu yazdığı tarixlə  işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  ulu öndər Heydər Əliyevin doğum günündə Azərbaycanının döyünən ürəyi Şuşadan bir daha «Qarabağ Azərbaycandır!» bəyan etməsi özündə bütün məqamları ehtiva etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirdiyinin və bu torpaqlarda əbədi olacağımızın bir daha dünyaya təqdimatı oldu. Müzəffər Ali Baş Komandan ölkəmizin, hər bir azərbaycanlının həyatında önəmli olan bu tarixi gündə bir daha ata vəsiyyətini yerinə yetirməsindən  məmnunluğunu ifadə etdi.

Daha çox xəbərlər