Cəmiyyət 

Vətənə sevgi rəmzi

İkinci Qarabağ müharibəsində yağı düşmənə əsir olan müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Famil Habil oğlu Əlizadə yaşasaydı ömrünün 23-cü ilini yola salardı. Masallı rayonunun Ərkivan qəsəbəsində boya-başa çatan bu Vətən sevdalısı göstərdiyi qəhrəmanlıqla əbədi bir həyat qazandı. Azərbaycan var olunca, Familin adı da onunla birgə çəkilər. Həyatını Vətəninə, xalqına sərf edən Masallının igid oğlu milyonların ürəyində yaşamaqla, həm də dövlət tərəfindən “Vətən uğrunda”, eləcə digər medallara layiq görülüb. İndi Masalıda hamı Familin adını iftixarla çəkir, onu özlərinə qürur yeri bilirlər. Doğum gününü qeyd edən rayon sakinləri dedilər ki, Familin keçdiyi qısa yol bizim üçün Vətənə, torpağa sevgi, məhəbbət rəmzi kimi örnəkdir. Yurdumuzun igid oğlu cismən aramızda olmasa da, mənən həmişə, hər yerdə bizimlə birdir. Qərinələr keçəcək onun qəhrəmanlığı gələcək nəsillərə nümunə olacaq.

Çıxışlarda o da bildirildi ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Famil müharibənin ilk günündən canından artıq sevdiyi Vətənin müqəddəsliyinə tapınaraq könüllü döyüşlərə qatılır. Füzuli istiqamətində gedən ağır müharibədə qəhrəmancasına iştirak edir. O, az sayda şəxsi heyətlə birgə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində düşmən postunun və anbarının alınmasında xüsusilə fərqlənir. Bir aya yaxın düşmənlə vuruşan, hər döyüş günündə yağıya sinə gərən Famil göstərdiyi şücaətlə adını qızıl hərflərlə tarixə yazır. Oktyabr ayının 21-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalır.

Tədbir iştirakçılar- Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev , YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri şəhid Familin xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoydular .

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər