Böyük Qayıdışın astanasında
Vətən müharibəsindən dərhal sonra erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi dövlətimizin qarşısında duran ən mühüm vəzifəyə çevrildi. Prezident İlham Əliyev tərəfindən hər zaman olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanan ilk gündən bu istiqamətdə də aydın planlar, strateji hədəflər müəyyənləşdirildi və quruculuq işləri getdikcə daha da intensiv xarakter aldı. Dövlətimizin başçısı Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı onu da bildirdi ki, torpaqlarımız işğal altında olan dövrdə erməni faşizmi yaşayış sahələrimizi, o cümlədən Zəngilan rayonunu yer üzündən silsə də, xalqımızın bu torpaqlardan izini itirməyə çalışsa da məqsədinə nail ola bilmədi. Müzəffər ordumuz 44 gün ərzində düşmənin hərbi birləşmələrini darmadağın edərək, tarixi qələbəni gerçəkləşdirdi və bundan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinin icrasına start verildi.
Dövlətimizin başçısı videoformatdakı çıxışında onu da diqqətə çatdırdı ki, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar: “Bildiyimiz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf ”.
Zəngilan rayonunda böyük infrastruktur layihələrinin sürətlə həyata keçirildiyinə diqqət yetirsək görərik ki, hazırda Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat xəttinin qurulduğu, bu il Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyi və bu aeroportun çox böyük funksiyalarının olacağını qeyd edə bilərik. Sözsüz ki, bütün bunlar yaxın gələcəkdə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi tanınmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunun göstəricisidir.
Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Zəngilanda quruculuq işləri “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyasına əsasən aparılır. Artıq Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir. Bu kənd işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın ilk məntəqəsi olacaq. Onu da qeyd edək ki, kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Burada enerjiyə tələbat “yaşıl enerji” sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. “Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vaakum Günəş kollektorları vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırılmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “ağıllı kənd”də həmçinin “ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq. Bütün bunlarla yanaşı, Zəngilanda ermənilər tərəfindən dağıdılan bütün tarixi-dini abidələrimizin artıq bərpası işinə başlanılması, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhər məscidinin faktiki olaraq yenidən qurulması, hava limanının yaradılması, “DOST Aqropark”ın salınmasıdır ki, bu da rayonun tezliklə Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevriləcəyindən xəbər verir.

