Siyasət 

Xilaskarın quruculuq missiyası

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə səfərləri göstərir ki, şəhidlərimizin qanı bahasına geri alınmış torpaq­larımızın hər qarışı ən ali səviyyədə şərəflənərək yenidən dirçəldilir

Tarixi Zəfərimizdən ötən il yarım ərzində ölkə başçımız mütəmadi olaraq Qarabağa səfərlər edir, barbarcasına dağıdılan ərazilərimizdə tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olur, müvafiq tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Füzuli və Şuşa şəhərlərinə səfərləri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasını, gündən-günə daha geniş ərazini əhatə etməsini göstərir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təməlqoyma mərasimində iştirak etdikləri Füzuli Peşə Liseyin 800-ə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq. Bu təhsil müəssisəsinin inşası peşə təhsili sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən biridir.

Dövlətimizin başçısının rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda apa­rılan bərpa-quruculuq işləri çərçivəsində ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələrinin aradan qaldırılması da diqqət çəkir. Füzulidə yeni yaradılacaq park kompleksi şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfərləri za­manı şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkmələri də bunun bariz ifadəsidir.

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən kompleks abadlıq-qu­ruculuq tədbirləri çərçivəsində səhiyyə ocaqlarının inşası da xüsusi diqqət çəkir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mayın 10-da Füzuli rayonunda təməli qoyulan 180 çarpayılıq ən müasir tələblərə cavab verən tibb müəssisəsinin qurulması bu bölgədə tibbi xidmətlərin səmərəli təşkilini şərtləndirir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfərləri də bir daha göstərdi ki, şəhər mədəni və tarixi irsi rəhbər götürülməklə bərpa olunur. Bu səfər zamanı məlum oldu ki, Şuşada yenidən qurulacaq binalardan biri məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdir. Şuşa Realnı Məktəbi isə yalnız bu şəhərin deyil, xalqımızın tarixi, dünyəvi, intellektual irsinin yadigarıdır. Bu məktəb həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri olub. Təmir-bərpa işlərinin bu məktəbi də əhatə etməsi tariximizə, irsimizə ehtiramın ən gözəl nümunələrindən biridir. Şuşadakı ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında olan Şirin su hamamı da Heydər Əliyev Fondu tərəfindən tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

Şuşanın bərpası zamanı şəhərin enerji təchizatının da qaydaya salınması xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan layihələr sıra­sında dövlətimizin başçısının açılışında iştirak etdiyi “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi mühüm önəm daşıyır. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verərək, bu obyektin istifadəyə verilməsinin şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxı­mından əhəmiyyətli hadisə olduğunu bildirib.

Azərbaycanın qədim tarixə malik olan bu bölgəsində turizmin bir çox növləri – ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur. Özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq lazımi infrast­rukturun yaradılmasına, o cümlədən otellərin inşasına start verilib. Ötən ilin mayında “Xarıbülbül” oteli, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclər, avqustda isə “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı reallaşıb. Hazırda Şuşanın bərpası konsep­siyasında şəhərin turizm potensialı nəzərə alınaraq buna uyğun infrast­rukturun yaradılması davam etdirilir. Belə obyektlərdən biri də Prezidentin və birinci xanımın Şuşaya səfərləri çərçivəsində ərazisində olduqları və bərpası həyata keçirilən “Shusha Boutique Hotel”dir. Bu­rada şəhərə səfər edəcək ziyarətçilərin rahatlığı üçün hər cür şərait yaradıla­caq, 13 otaq və kiçik restoran qonaq­ların ixtiyarına veriləcək. Bu cür obyektlərin istifadəyə verilməsinin Azərbaycanın mədəniyyət paytaxtının turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacağı şəksizdir.

Şübhəsiz, Şuşada bərpa-quruculuq layihələri təkcə sadalananlarla məhdudlaşmır. Prezident İlham Əliyevin Böyük Qayıdış strategiyasında başlıca prioritetlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda sosial şəraitin ən yüksək səviyyədə yaradılmasıdır. Məqsəd həm də keçmiş məcburi köçkünlərin bu ərazilərdə yaşayışının mütərəqqi beynəlxalq təcrübəyə və innovativ yanaşmaya əsaslanan çevik mexanizmlər üzərində qurmaq, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq prinsiplərinin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdir. Bu baxımdan düşməndən təmizlənən ərazilərdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yerli qurumlarının təşkili də mühüm önəm daşıyır. Bu konsepsiyanın gerçəkləşdirilməsi məqsədilə azad edilmiş ərazilərdə “DOST” mərkəzlərinin təşkili planının hazırlanması bunun parlaq ifadəsidir. Xatırladaq ki, cari ilin sonuna qədər Şuşa şəhərində Qarabağ regionunda ilk “DOST” mərkəzinin fəaliyyətə başlaya­cağı nəzərdə tutulur. Hazırda bununla əlaqədar layihə işləri gedir.

Bir sözlə, bu gün Füzuli və Şuşada görülən işlər fonunda bu qənaətə gəlmək olar ki, işğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə Azərbaycanın dayanıqlı inkişafına töhfələr verməsi üçün mühüm addımlar atılır, bərpa və quruculuq işlərinin miqyası genişlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın Füzuli və Şuşaya səfərləri, açılış və təməlqoyma mərasimlərində iştirak etmələri bir daha bu yerlərin öz həqiqi sahiblərinin əli ilə tam dirçəldiləcəyinə, Qarabağ və Şərqi Zəngəzurda rahat infrastruktur yaradılacağına və məcburi köçkün soydaşlarımızın tezliklə doğma yurd-yuvalarına qayıdacaqlarına inamımızı möhkəmləndirir.

Daha çox xəbərlər