Doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərimizin fonunda Azərbaycanın bugünkü reallıqları dünyaya bunu çatdırır
Müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycanın işğal dövrünü postmünaqişə mərhələsi ilə müqayisə etdikdə hər bir sahədə, o cümlədən xarici siyasətdə, dünyanın Azərbaycana yanaşmasında və sair kimi məqamlarda böyük dəyişikliklərin, yeniliklərin şahidi olarıq. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etməklə yanaşı, 30 ilə yaxın dövrün reallıqlarına, ölkələr arasında münasibətlərə bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyev «Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur» fikirləri Azərbaycanın dəyişməz mövqeyini, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurduğunu və inkişaf etdirdiyini bir daha nümayiş etdirir. «Biz indi gələcəyə baxmalıyıq» söyləyən cənab İlham Əliyev bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bu inam ifadə edilir ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.
Günümüzün reallığı budur ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Hazırda bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan istər ötən 30 ildə, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə faktlara əsaslanan təbliğatı ilə dünyaya bu reallığı çatdırır ki, beynəlxalq hüquq normaları mövcuddur, hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər. Belə ki, ölkə Prezidenti Vətən müharibəsi dövründə dünyanın nüfuzlu mətbu orqanlarına çoxsaylı müsahibələrində, həmçinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında, ötən il ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq», bu il isə onun davamı olaraq aprelin 28-də Şuşada başlayan və aprelin 29-da ADA Uinversitetində davam edən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda beynəlxalq konfransda sualları cavablandırarkən hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verərək, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritetliyini açıqladı, Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu bildirdi, yazılan şərəfli tarixin regionun gələcəyində əhəmiyyətli rolunu vurğuladı. Dövlət başçısı ADA Universitetində keçirilən builki konfransda Azərbaycanın və regionun gələcəyi ilə bağlı planlarını diqqətə çatdırdı. Bu əminlik ifadə edildi ki, Azərbaycan qarşıdakı 10 ildə daha güclü, qüdrətil ölkə olacaq. Təbii ki, bu inama əsas verən ölkəmizin bugünədək qazandığı uğurlar və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet»lər özündə bütün bu məqamları ehtiva edir.
Cənab İlham Əliyev hər bir debatda, konfransda ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Bu reallıq xüsusi olaraq diqqətə çatdırılır ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Dövlət başçısı İlham Əliyev bütün müzakirələrdə bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var. Ölkə Prezidenti onu da vurğulayır ki, münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb.
Azərbaycan münaqişə səhifəsini bağlanmış hesab edir, regionda daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlətimizin başçısı gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir. Cənab İlham Əliyev regionun gələcəyi ilə bağlı müzakirələrə həsr olunan konfranslarda bu reallığa da diqqət çəkir ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə Azərbaycanın çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyi, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyi bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Münaqişənin həlli tamamilə yeni mühit yaradır. Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Dünya gücləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Sülh gündəliyi gündəmdədir. Qalib ölkə kimi Azərbaycan bu gündəliyin müəllifidir. Hazırda hər iki tərəf Avropa İttifaqının sülh müqaviləsinin imzalanması istiqamətində səylərini dəstəkləyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü keçirilib. Sonuncu görüşdə imzalanan sənəddə Azərbaycanın mövqeyi dəstəklənməklə yanaşı, Ermənistan ölkəmiz tərəfindən irəli sürülən 5 şərti qəbul etdiyini bildirmiş və bununla da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə etmişdir. Lakin bugünün diqqətçəkən məqamlarından biri Ermənistanın yenə də sözlə əməlinin tərs mütənasiblik təşkil etməsi, sərsəm bəyanatları ilə sülh müqaviləsinin imzalanmasına mane olmaqda maraqlı olmasıdır. Amma xatırlasaq, dövlət başçısı İlham Əliyev sülh təklifi gündəmə gətiriləndən sonra bəyan etdi ki, bu, masa üzərində uzun müddət ola bilməz. Bu günlərdə ADA Universitetində keçirilən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda konfransda «Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir» söyləyən dövlət başçısı İlham Əliyevdən 3 saatlıq master-klass və Ermənistana açıq mesajlar diqqətdən kənarda qala bilməzdi: «Müzakirəmizin ən böyük hissəsi Ermənistan-Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr olundu. Düşünürəm ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər.»
Dövlət başçısı İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda aparılan müzakirələrin davamı olaraq ötən ay keçirilən «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda konfrans dövlətimizin başçısının yeni informasiya strategiyasının növbəti təqdimatı oldu. Cənab İlham Əliyev hər zaman hücum diplomatiyasının davam etdirilməsini qarşıya əsas hədəf kimi qoyur. Dünyada ermənilərin, ermənipərəst qüvvələrin, ölkəmizin uğurlarını həzm etməyən anti-Azərbaycan dairələrin dezinformasiyalarına, əsassız iddialarına qarşı həqiqətlərimizi qoymalı, faktlara əsaslanan təbliğatımızla bu cəhdlərin qarşısını almalıyıq. Azərbaycan bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postkonflikt mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin bütün cəhdlərinin boşa çıxmasında mühüm rol oynayır.
Dünyanın 65 ölkəsindən 400-ə yaxın diaspor nümayəndəsinin mədəniyyət paytaxtımız Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirməsi, dövlət başçısı İlham Əliyevin bu tarixi tədbirdən mesajlarını çatdırması da postmünaqişə dövrünün reallıqlarının təqdimatında və onların uğurlu icrasında öz sözünü deyəcək. Ölkə Prezidenti diaspor nümayəndələrinə gələcək fəaliyyətləri ilə bağlı tapşırıqlarını verdi.
Bütün bunları sadalamaqda məqsədimiz odur ki, Azərbaycan Ermənistandan fərqli olaraq keçmişlə deyil, gələcəklə yaşayır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb. Bütün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri geniş vüsət alıb. Qarabağın tacı Şuşa azadlığa qovuşduğu gündən toylu-büsatlı, çal-çağırlıdır. Biri-birindən önəmli beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Musiqi beşiyimizin əvvəlki şöhrəti özünə qayıdır. Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başladı. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etdilər. Bu festival Azərbaycanın tolerant ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Qeyd olunanlar bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan həmişə olduğu kimi, bu gün də dünyanın diqqətindədir. Bu diqqətin və marağın artması tarixi Zəfərimizin reallıqlarına söykənir. «Azərbaycan dünyadan necə görünür» sualına cavab bu gün qalib ölkə kimi diktə etdiyi reallıqlar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın hər həftə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, düşmənin illərdir erməniləşdirməyə çalışdığı qədim şəhərimizin Azərbaycana məxsusluğunu sübut edən ənənələrinin bərpası, hər daşının, qayasının dil açaraq erməni vəhşiliklərinə şahidlik etməsi, bir sözlə, ədaləti bərpa və beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexnizm əsasında icrasını tələb etməsidir. Bu uğurların qazanmasında möhkəm təməlin rolu inkaredilməzdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa müraciətində Azərbaycana bu uğurları yaşadan xalqımızın ümummilli lideri Heydər Əliyevə ehtiramını ifadə edərək bildirmişdir: «Mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

