Cəmiyyət 

İqtisadi uğurlardan sosial rifaha

Azərbaycan dövlətinin iqtisadi uğurları artdıqca əhalinin rifah halının yüksəlməsi tendensiyası da davam edir.

Xüsusilə Prezident İlham Əliyevin ölkənin iqtisadi uğurlarını sosial rifaha yönəltmək kimi humanist sosial siyasəti imkan verir ki, hər il maaşlar, pensiyalar və təqaüdlər geniş həcmdə artsın. Məhz bu səbəbdəndir ki, dövlət  başçısının imzaladığı fərman və sərəncamların mütləq çoxluğu sosial sahəni əhatə edir. Belə ki, son dörd ildə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb. Minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma nail olunub.

Bu faktı xüsusi qeyd etmək lazımdır ki, son dörd ildə dövlət tərəfindən  əhalinin yarısını əhatə edən 3 sosial islahat paketi icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edib. Məhz iqtisadi islahatların nəticəsidir ki, bu dövrdə əmək müqavilələrinin sayı 30 faiz, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə isə 11,1 faiz artıb. Ən önəmli istiqamətlərdən biri isə şəhid ailələrinin və müharibə əlillərinin xüsusi qayğı ilə əhatə olunmasıdır. Məhz  dövlət başçısının müvafiq Fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də ardıcıl şəkildə artırılması təmin edilib. Ümumiyyətlə, son 4 ildə şəhid ailələri və müharibə əlillərinə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Həmçinin bu dövr ərzində 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

Təbii ki, iqtisadi göstəricilərin yüksək olması sosial rifah halını da yüksəldən önəmli amildir. Ona görə də 2022-ci ilin dövlət büdcəsində  sosial sahə diqqət mərkəzində saxlanılıb. Cari ildə minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz artırılıb. Həmçinin təqaüd və sosial müavinətlərdə də ciddi artımlar qeydə alınıb. Bu sosial paket bütövlükdə 1,5 milyard manat başa gəlib və 2 milyondan çox vətəndaşı əhatə edib.

Əhalinin sosial rifah halının yüksəldilməsi ilə bərabər, ötən dövrdə hərbi quruculuq işləri  də davam etdirilib. Çünki Ermənistandakı bəzi qüvvələrdə hələ də revanşist əhval-ruhiyyə hökm sürür. Ona görə də Azərbaycan Ordusunun hərbi döyüş qabiliyyəti daim yüksək tutulmaqla  düşmənə qarşı «dəmir yumruq» da hazır olmalıdır. İkinci Qarabağ müharibəsində çoxlu sayda döyüş sursatından və hərbi texnikadan istifadə olunub. İndi onların yeri ən müasir texnikalarla doldurulmalıdır. Bu istiqamətdə də ötən il böyük işlər görülüb və həmin tədbirlər bu gün də davam etdirilir.

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövlətinin modern sosial siyasətinin mərkəzində vətəndaşların rifah halının davamlı olaraq yüksəlməsi dayanır. Eyni zamanda, bu bir gerçəklikdir ki, sosial rifahı yüksək olan vətəndaşın dövlətinə inamı da güclü olur və o, özünü daha inamlı və güvənli hiss edir.

Bu da sevindirici faktdır ki, hər il dövlət başçısının imzaladığı Fərman və sərəncamların təxminən 65-70 faizi sosialyönümlü olur. Həm də nəzərə alaq ki, bu uğurlu sosial tendensiya ağır müharibədən yenicə çıxmış ölkəmizdə davam edir. Xüsusi vurğulamaq lazımdır ki, 2022-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş şəhər, rayon, qəsəbə və kəndlərin  bərpasına və yenidən qurulmasına 2, 2 milyard manat vəsait ayrılıb ki, bu da  məcburi köçkünlərin Böyük Qayıdış proqramının sürətləndirilməsi deməkdir.

Daha çox xəbərlər