Misir agentliyi Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə müttəfiqliyi barədə fikirlərini yayıb
Misirin “Asiaelyom” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı iki qardaş ölkənin müttəfiqlik münasibətləri barədə söylədiyi fikirləri yayıb.
ARANTV.AZ xəbər verir ki, AZƏRTAC-ın xəbərinə istinadla yayılmış materialda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu və ölkələrimizin çox böyük sınaqlardan keçdiyini diqqətə çatdırıb. Bildirib ki, keçən il Azərbaycanın qədim və tarixi şəhərində – Şuşada iki ölkə arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.
Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Rizeyə ilk dəfə səfər etdiyini deyən Azərbaycan Prezidenti qeyd edib: “Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır”.