Gündəm 

Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü

Prezident İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimindəki  çıxışında  bir daha bildirmişdir ki, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir

“Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.” Prezident İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimindəki  çıxışında  bir daha bildirmişdir ki, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu: “Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.”

Bu fikir dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır ki, Azərbaycanla Türkiyə  dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Ölkələrimiz çox böyük sınaqlardan keçib. Ötən il iyunun 15-də Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa iki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Azərbaycanla Türkiyə  həm dost, həm qardaş, həm də  rəsmən müttəfiqdirlər. Cənab İlham Əliyev bu məqamı  da diqqətə çatdırır ki, bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

Qeyd edildiyi kimi,  44 günlük İkinci Qarabağ müharibəsi işğala, 30 ilin torpaq həsrətinə son qoymaqla yanaşı, əsl həqiqət anı oldu. Kimin ədalətin, kimin şərin yanında olduğu bir daha açıqlandı. Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə   “Azərbaycan tək deyil” mesajı ilə dünyaya səs saldı. Dost, qardaş ölkənin rəsmilərinin  dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında  qazandığı   tarixi Zəfəri, ümumiyyətlə, türkün adının dastana çevrilməsi kimi qiymətləndirməsi ölkə Prezidentinin  gərgin və yorulmaz mübarizəsinə verilən yüksək dəyərin  ifadəsidir. Dövlət başçısının istər Vətən müharibəsi dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinə, istərsə də postmünaqişə dövründəki müsahibələrinə, mətbuat konfranslarına diqqət yetirsək  böyük əksəriyyətin dost ölkənin media orqanları olduğunu görərik.  Türkiyə mediası həm müharibə, həm də postmüharibə dövründə  Azərbaycan kütləvi informasiya vasitələri ilə  birgə fəaliyyət sayəsində  informasiya müharibəsində  üstünlüyümüzə, qələbəmizə haqq qazandıran  səsimizin əks-sədasıdır. İki qardaş ölkənin media sahəsində əməkdaşlığının daha da möhkəmlənməsinə yönələn addımların atılması da qürurvericidir.

Reallıq göz önündədir. Azərbaycan-Türkiyə  əlaqələri  bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilirək  vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ  neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan  BTQ  dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının  tam şəkildə başa çatdırılması və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.

İki qardaş ölkə  arasında əlaqələr  hərbi sahədə də  yüksək səviyyədədir. Azərbaycan  və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Azərbaycan Ordusunun hansı imkanlara malik olmasının  dünyaya təqdimatında mühüm rol oynayan 2020-ci ilin  10 dekabr Zəfər paradında da bu birliyin, həmrəyliyin şahidi olduq.

Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi  tarixə qovuşdu.  Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim  hücum əmrini gözləyən Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün  dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu məqam da Azərbaycan-Türkiyə birliyinin təqdimatıdır. Zəfər Paradında iştirak etmək, Azərbaycanın yanında olub, bu sevinci birgə yaşamaq üçün  Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri,  həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə mane olmasın. Azərbaycan haqq davası aparır.  Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki,  Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

Bu kimi xoş, səmimi fikirlər iki ölkənin dövlət başçılarının bir-birinə  münasibətlərinin də təqdimatıdır. Azərbaycan-Türkiyə  münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində ölkəmizə səfəri zamanı sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında söylədiyi  “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir” fikirləri bugünümüzün reallıqlarında öz əksini tapıb.  Ölkə Prezidenti  ölkəmizin həyatında başlanan yeni məhələdə-işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin uğurla başa çatdırılaraq  soydaşlarımızın Böyük Qayıdışını gerçəkləşdirmək istiqamətində atılan addımlarda dost ölkələrin iştirakına ilk gündən  çağırışlar etdi. Qardaş Türkiyənin və şirkətlərinin görülən işlərdə öz payı var. Bir mühüm məqamı da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə uğurla icrası başa çatan layihələrin qeyd edilməsi mərasimində də iki dost ölkənin bir yerdə olduğunu görürük.  Bu silsilədən ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışını qeyd edə bilərik. Açılış mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə də tanış olaraq, bu rayonda “Dost Aqropark”ın təməlini qoymuşdular. Bu layihə də iki müttəfiqin birgə reallaşdıracağı investisiya layihəsidir.

Azərbaycan-Türkiyə dostluğundan bəhs edərkən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərmizə, Azərbaycanın döyünən ürəyi Şuşaya ilk səfər edən, həmçinin Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşu həyata keçirən dövlət başçısı olduğu xüsusi qeyd edilir. Bu bir daha onu göstərir ki, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə bir-birinin yanında olmaqla yanaşı, böyük öndər Mustafa Kamal Atatürkün qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Dövlət başçısı İlham Əliyev Rize-Artvin Hava Limanının açılış mərasimində “Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir” fikirləri ilə dost, müttəfiq Türkiyənin beynəlxalq münasibətlər sistemində yeri və roluna, möhkəmlənən mövqeyinə bird aha diqqəti yönəldərək uğurların təməlində  düşünülmüş və gələcəyə hesablanmış siyasətin dayandığını təsdiqlədi.

Daha çox xəbərlər