Cəmiyyət 

Sənədsiz evlərlə bağlı yeni xəbər – prosesin bitmə zamanı bəlli oldu

Ekspert: “Əmlak amnistiyası verilməlidir”

Sənədsiz evlər ən aktual problemlərdən biri olaraq qalır. Yüz minlərlə vətəndaşın daşınmaz əmlakı hələ də qeydiyyata alınmayıb. Tikililərin qanunsuz adlanması da ayrıca müzakirə mövzusudur. Müvafiq qurumlar vətəndaşın evini işıq, qaz və su ilə təmin edir  və hər ay da xidmət haqqını alır. Vətəndaşlar məhkəmə vasitəsilə hətta o ünvana qeydiyyata da alınırlar. Nəticə etibarilə vətəndaşların mülkiyyət hüquqları de-fakto şəkildə tanınır, lakin onun rəsmiləşdirmə prosesi üçün addım atılmır. Məsələnin digər tərəfi sənədsiz evlərin alqı-satqısı, zəruri hallarda girov kimi istifadə etmək və s. ilə bağlıdır.

Prezident İlham Əliyev sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalayıb. Buna müvafiq olaraq işçi qruplar, komissiyalar da yaradılıb. Lakin proses bitmir. Belə fikirlər formalaşır ki, yerlərdə bəzi məmurlar bu məsələnin uzanmasında maraqlıdırlar…

Azər Badamov: Koronavirusla mübarizədə Azərbaycan həkimləri böyük  fədakarlıq və əzmkarlıq göstərirlər

Azər Badamov 

Millət vəkili Azər Badamov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, proses pandemiya səbəbindən yubanıb: “Mümkün olan ərazilərdə torpağın təyinatı dəyişdiriləcək. Bəzi sənədsiz evlər var ki, yüksəkgərginlikli xətlərin altında, dəmiryol xətləri, neft qurğuları olan ərazidə tikilib. Hesab edirəm ki, həmin evlərin məsələsi həllini tapmayacaq, çətin məsələdir. Düşünürəm ki, hər bir halda vətəndaşların xeyrinə olan qərar verilməlidir, ya vətəndaşlar mənzillə təmin olunub köçürülməlidir, ya da başqa yerdə ev tikmək üçün kompensasiya ödənməlidir. Gələn ilin sonuna qədər  sənədləşdirmə işləri başa çatacaq. Bakı və ətraf qəsəbələrdə 500  minə qədər sənədsiz ev var.  Bu evlərin təftiş olunması uzun prosesdir. Ölkə başçısının qərarı ilə çoxmənzilli binalar sənədləşdirildi. Fərdi evlərlə bağlı məsələ isə araşdırma mərhələsindədir”.

Millət vəkili vurğuladı ki, mülkiyyət hüququ, yaşadığı ərazi üzrə qeydiyyata alınması dövlətin marağında olan məsələdir: “Bələdiyyələrin büdcəsi vergilər hesabına formalaşır. Əmlaklar qeydiyyatda olmadığından bələdiyyələr lazımi vəsaiti toplaya bilmir. Bu da müəyyən maliyyə çətinliyi ilə nəticələnir. Bu baxımdan prosesin sürətlənməsi və həllini tapması vacibdir”.

Ekspert: “Yeni tikilmiş binalarda komendant özbaşınalıqları baş alıb gedir”  - 30.07.2019, Sputnik Azərbaycan

Elnur Azadov 

İnşaat eksperti Elnur Azadov “Yeni Müsavat”a bildirdi ki, qeyri-rəsmi rəqəmlər tam bəlli olmasa da, Bakı və Bakıətrafında 300- 350 min, Abşeron və digər ərazilərdə isə 250 min fərdi ev olduğu ehtimal olunur: “Rayonlarda, xüsusilə kəndlərdə isə çıxarış nadir hallarda verildiyinə görə heç təxmini rəqəm də demək mümkün deyil. Sənədsiz evlərin çoxu təyinatına uyğun olmayan torpaqlarda, yaxud da müvafiq qoruma zolaqlarında, yüksəkgərginlikli xətlərin altında, dəmiryol stansiyalarının yaxınlığında inşa olunub. Bu evlərə sənədlərin verilməsi qeyri-mümkündür. Sabah hər hansı bədbəxt hadisə baş vermə ehtimalı olduğundan belə evlərə sənəd verilməsi təhlükəlidir. Müstəqillik illərində Bakıya minlərlə məcburi köçkün gəldi. Hökumətin çoxmənzilli binalar inşa etməyə zamanı və vəsaiti olmadığı üçün insanlar Kubinka, Şanxay, Alatavada sığınacaq tapdı. Hər hansı fövqəladə durumda məsuliyyəti kim daşıyacaq? Yeri gəlmişkən, torpaqların təyinatını dəyişmək də məsələnin həllində müəyyən dərəcədə rol oynaya bilər. Hesab edirəm ki,  əmlak amnistiyası verilməlidir”.

Mülkiyyət hüququnun tanınması ilə bağlı bütün prosedurlar sadələşdirildikdən sonra ehtimal var ki, əmlak vergisi ilə bağlı qanunvericiliyə yenidən baxılacaq.

Daha çox xəbərlər