Tərtər rayon Heydər Əliyev Mərkəzi 18 may Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq ” Muzeylerin inkişafında Ulu öndər Heydər Əliyevin rolu” adlı dəyirmi masa təşkil etmişdir
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzi 18 may Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq ” Muzeylerin inkişafında Ulu öndər Heydər Əliyevin rolu” adlı dəyirmi masa təşkil etmişdir.
Tədbiri giriş sözü ilə Tərtər rayon Heydər Əliyev mərkəzinin direktoru Səlimə Yusibova açaraq ulu öndərin muzeylərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Qeyd edib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva yerinə yetirir.
Sonra mərkəzin əməkdaşı Fəridə Süleymanova 18 may Beynəlxalq Muzeylər günü ilə bağlı məruzə edib.
Tədbirin sonunda videoçarx nümayiş olunub.





