Gündəm 

Ucuz məhsul almaq istəyiriksə…

Yaşayarıq, görərik

Son dövrlər ölkə mətbuatında yer alan əsas mövzulardan biri də pomidorun və digər tərəvəz məhsullarının qiymətidir. Hazırda son illərlərin eyni dövrü ilə müqayisədə qiymətlərin yüksək olması müxtəlif səbəblərlə izah edilir.Belə ki, məhsulun qıt olması və ixracın artmasının yerli bazarda qiymət artımına gətirib çıxardığı bildirilir.

Əvvəlcə ondan başlayaq ki, bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan pomidor ixracında artım olsa da, ixracın həcmi 2020-ci illə müqayisədə azalıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-aprel aylarında pomidor ixracı 48 min 68 ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çox, 2020-ci ilin müvafiq dövrünə nisbətən 18,5 faiz azdır. Konkret aprel ayında isə pomidor ixracının həcmi ötən ilin eyni ayı ilə  müqayisədə 5 faiz, 2020-ci ilin həmin ayına nisbətən 37,8 faiz az olub.

Maraqlıdır ki, yerli bazarda pomidorun qiyməti əvvəlki illərlə müqayisədə artsa da ixrac qiyməti demək olar ki, dəyişməyib. Təkcə aprel ayında ixrac olunmuş pomidorun 1 kiloqramının orta qiyməti 1,18 ABŞ dolları və ya 2,02 manat təşkil edib. Bu göstərici 2021-ci ilin aprel ayında 1,22 dollar və ya 2,07 manat, 2020-ci ilin eyni ayında isə 1,12 dollar və ya 1,9 manata bərabər olub.

Pomidor ixracında əsas bazar Rusiyadır. Lakin Rusiyaya ixrac edilən pomidorun qiymətinin ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldığı bildirilir.  “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Bəşir Quliyev “Report” a deyib ki, ucuzlaşma təqribən 15 faizdir. Onun sözlərinə görə, buna səbəb  Rusiyada pomidor istehsalının artmasının bazardakı təklifə təsir etməsi və əhalinin alıcılıq qabiliyyətinin azalmasıdır.

Hərçənd ki,  Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasına görə, qiymətlərin ucuz olması ilə tanınan “8-ci kilometr” bazarında ötən ay pomidorun 1 kiloqramının orta qiyməti növündən asılı olaraq 2,85-3,25 manat arasında dəyişdiyi halda  ötən ilin aprel ayında bu rəqəm 2,5-2,75 manat, 2020-ci ilin eyni ayında  2,15-2,5 manat arasında olub.

O da məlumdur ki, dünya bazarlarında gübrənin qiymətinin artmasına baxmayaraq “SOCAR Karbamid” zavodu yerli bazar üçün qiyməti dəyişməyərək  ötənilki səviyyədə saxlayıb. Bu da pomidor istehsalçılarının xərclərinin artmamasına imkan yaradıb. Əks halda məhsulun maya dəyərinin yüksəlməsi qiymətin daha çox artmasına səbəb ola bilərdi.

Yerli pomidorun Rusiyadan fərqli olaraq Azərbaycanda qiymətləri ucuzlaşdıracaq “rəqibi” yoxdur. Buna səbəb yerli istehsalı qorumaq məqsədilə Azərbaycana pomidor idxalına spesifik rüsumun tətbiq edilməsidir. Belə ki, Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə pomidor idxalına hər kiloqram üçün 0,4 ABŞ dolları məbləğində xüsusi rüsum tətbiq edilib.

Görünən odur ki,  əvvəlki illərdəki kimi aşağı qiymətə istixana şəraitində yetirişdirilmiş pomidor almaq dövrü sona çatıb. Ucuz məhsul almaq istəyənlər yayı gözləməlidirlər.  Çünki sahələrdə yetirişdirilən pomidor iyul ayında bazara çıxmağa başlayır. Həmin vaxt pomidor ucuzlaşacaqmı? Yaşayarıq, görərik…

Daha çox xəbərlər