Cəmiyyət 

Cəza tədbirləri sərtləşdirilir

Narkotacirlər 15 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər

Cəmiyyətdə «ağ ölüm» kimi tanınan narkomaniya bəşəriyyət üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu təhlükə sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemdir. Aydın məsələdir ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətlərin törənmə səbəbləri arasında narkomaniya birinci sıralarda yer alır.  Yəni araşdırmalar zamanı məlum olub ki, törədilən kriminal cinayətlərin böyük əksəriyyəti narkomanlar tərəfindən reallaşıb. Çünki narkomanlar real həyata açıq gözlə, açıq düşüncə ilə baxa bilmədikləri üçün onlarda qisasçılıq hissləri, cinayət törətməyə meyilli daha çox olur.

Bu gün narkotikdən uzaq, sağlam və vətənpərvər gənclik yetişdirmək Azərbaycan dövləti üçün prioritet vəzifədir. Məhz gənclərin idmanla kütləvi məşğul olması üçün ölkəmizdə ciddi Dövlət proqramları icra olunub. MDB-də ən çox idman kompleksləri məhz Azərbaycanda yaradılıb. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsəd sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Rəsmi statistikaya əsasən bu gün Azərbaycan narkotik ticarətinin qarşısının alınmasına görə MDB məkanında ilk yerlərdə qərarlaşıb.

Lakin bütün bunlara rəğmən ölkəmizdə bu bəlaya qarşı mübarizə hələ də ciddi effekt vermir. Çünki narkomaniya elə bir təhlükəli vərdişdir ki, onun qarşısını yalnız maarifləndirmə ilə almaq mümkün deyildir. Ona görə də bu gün cəmiyyətin əsas tələblərindən biri də narkomaniyaya qarşı mübarizədə cəza tədbirlərinin daha sərtləşdirilməsidir. Məhz bu tələb və istəyə uyğun olaraq Prezident İlham Əliyev bəzi qanunlarda önəmli dəyişiklklərə imza atıb. Belə ki, ölkəmizin başçısı narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə normativ hüquqi aktları imzalayıb. Dəyişikliklər 3 əsas istiqaməti əhatə edir.

Yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin xüsusilə külli miqdarda qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilir və bu əməlin törədilməsinə görə on beş ilədək azadlıqdan məhrumetmə növündə sanksiya müəyyən olunur. Həmçinin satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə məsuliyyət əhəmiyyətli dərəcədə sərtləşdirilir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi isə yeni ağırlaşdırıcı hal kimi müəyyən edilib. Bundan əlavə, tərkibində narkotik maddələr olan bitkilərin də əldə edilməsi, saxlanılması, daşınması ilə bağlı məsuliyyəti müəyyənləşdirən normalar təkmilləşdirilib, məsuliyyət ağırlaşdırılıb.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliyə əsasən, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin erkən, məhkəməyə qədər məhv edilməsi qaydası müəyyən olunub.

Eyni zamanda, «Narkoloji xidmət və nəzarət haqqında», «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının qanunlarına və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçiriləcək, həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi təmin ediləcək.

Daha çox xəbərlər