Vətəni canından əziz bilən qəhrəman
Şamil Afiq oğlu Mirzəyev 24 yaşında Vətən yolunda şəhid olmağı bacardı. Getdiyi bu şərəfli yol ona milyonların qəlbində əbədi yaşamaq səadəti gətirdi. Dağlar diyarı Yardımlıda boya-başa çatan Vətən sevdalısı bu şərəflə bütöv Azərbaycana oğul oldu. İndi hər dəfə Şamilin adı çəkiləndə qəhrəmanlar yetişdirən bir xalqın övladı olmaqla qürur duyuruq. Fəqət, Şamilin ömür yolu qısa olsa da, amma tarixdə adı doğma torpağının müqəddəsliyini uca tutmaq, eləcə insan səadəti naminə bu işiqlı dünyanın qurub-yaradanı kimi qaldı.
Şamil özünü Vətəninə, xalqına həsr etmək istəyi ilə müstəqil həyata qədəm qoyur. Daxili bir hiss-qurub-yaratmaq həvəsi tez də ona el-oba məhəbbətini qazandırır. Yağı tapdağında olan Vətən torpaqlarının düşməndən təmizlənməsi yeniyetmə oğlanı daha çox düşündürür. İşğal edilən torpaqların hər qarışının qisasını erməni dığalarında qoymamaq üçün ordu sıralarına yola düşür. Cəbhə bölgəsində xidmət edir, ilk günlərdən hərbi təlimlərdə döyüş igidliyinə görə fərqlənir. Onun vətənpərvərliyi, qeyri-adi qabiliyyəti, Vətənə, dosta sədaqəti isə əsgərlərə nümunə olur. Sözün qısası, Şamil əsgəri borcunu şərəflə yerinə yetirib, evə başı uca qayıdır. Təbii ki, erməni cəlladlardan alacağı qisas gününü unutmur.
Vətən müharibəsi başlanan kimi Şamil əlinə silah götürüb düşmənlə ölüm-dirim döyüşünə girir. Hər an Vətən üçün canından keçməyə hazır olan igid oğullarla bərabər erməni quldurlarına endirdiyi sarsıdıcı zərbələr öz nəticəsini verir. Füzulidən başlayaraq Şuşaya qədər min əzab-əziyyətli, ölümlü yollar keçir. Həmişə döyüşün önündə gedir, əzəli, əbədi yurdun daşı, hər cığırı qarşı-qarış erməni işğalçılardan azad olunca qəlbi Vətən sevgisi ilə döyünən Şamilə yeni bir güc, qüvvə gəlir. Hər döyüşü bir tarix olan Vətən oğlunun arzuladığı qələbə günü gəlir. Qarabağ yağı tapdağından qurtulur. Təəssüf ki, noyabrın 10-da qəfil açılan güllədən özünü qoruya bilmir. Şəhid Şamil azad Vətən səmasının parlaq Günəşinə dönür…
Vətən, torpaq yolunda canını qurban verənlər ölmürlər, onlar əbədi olaraq milyonların qəlbinə köçürlər. Şamildə belə. Dünya durduqca böyük ehtiramla xatırlanacaq Şamil. Dövlət də Şamil Mirzəyevi 44 günlük haqq savaşımızda ermənilərə qarşı qanlı döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə medallarla təltif edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

