Gündəm 

Azərbaycanla Litva arasında keçirilən biznes-forum bir daha təsdiqlədi ki…

Avropada özünəməxsus iqtisadi-coğrafi mövqeyi olan Litva Respublikası Azərbaycanla çox geniş iqtisadi və siyasi əlaqələrə malikdir. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradan və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrilmişdir. Ölkələrimiz iqtisadiyyatın bir çox sahələrində çox yüksək səviyyədə əməkdaşlıq etməkdədir. Azərbaycan Avropa İttifaqı dövlətləri ilə çox geniş əlaqələrə malikdir. Bu mənada hazırda Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Litva xüsusi əhəmiyyətə malikdir. Litva Respublikasının Prezidenti Gitanas Nauseda başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Litvanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib.

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak ediblər. Dövlət başçısı cənab İlham Əliyev biznes forumda geniş məzmunlu çıxış edərək Azərbaycan-Litva arasında iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışdır. İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı barədə geniş məlumat verilmişdir. Dövlət başçılarının biznes-forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisidir. Forumda qeyd olunmuşdur ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək. Bununla yanaşı, “Şərq Tərəfdaşlığı” təşəbbüsü, Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır.

Tədbirdə, həmçinin Azərbaycanın əlverişli biznes və investisiya mühiti, güzəştlərin tətbiq edildiyi sənaye parkları, aqroparklar barədə məlumat verilib. Vurğulanıb ki, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər var. “Aİ Biznes Mühiti Hesabatı 2021” hesabatına əsasən, Azərbaycanda təmsil olunan Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizinin iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək, 53 faizinin isə Azərbaycanda biznes fəaliyyətini genişləndirmək niyyətini vurğulayan iqtisadiyyat naziri Litva iş adamlarını ölkəmizdə yaradılmış biznes mühitindən yararlanaraq fəal əməkdaşlığa dəvət edib. Litvanın Azərbaycanla tərəfdaşlığa önəm verildiyi qeyd edilərək, iqtisadi əlaqələrin inkişafı potensialı barədə fikirlər bölüşülüb. Azərbaycanda “yaşıl” iqtisadiyyata keçid istiqamətində görülən işlər enerji, İKT, turizm, nəqliyyat və digər sahələrdə də tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu diqqətə çatdırılıb.

Bu gün dünya iqtisadiyyatında baş verən bir həqiqət danılmazdır – dünyanın ayrı-ayrı ölkələri iqtisadi böhran burulğanında bir sıra çətinliklərlə üz-üzə dayanıblar. Amma Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət və əvvəlcədən düşünülmüş qabaqlayıcı tədbirlər ölkəmizi bu böhrandan maksimum dərəcədə qorumağa qadirdir. Ona görə də dünya iqtisadi sisteminin bu böhranı Azərbaycan iqtisadiyyatına o dərəcədə də təsir etmək gücünə malik deyil. Azərbaycanla Litva arasında keçirilən biznes forumu bir daha onu göstərdi ki, ölkəmiz sürətli inkişafı ilə Cənubi Qafqazın lider dövlətidir.

Rauf Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi

Daha çox xəbərlər