Bu gün bir süngüdür əlimdə qələm…
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan mediası kimi Türkiyə mediası da informasiya məkanında böyük fədakarlıq nümayiş etdirdi
Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluğa, ənənəvi qardaşlığa söykənən möhkəm təməllər üzərində qurulub. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri Türkiyə-Azərbaycan münasibətlərinin tarixini, bugününü və gələcək konturlarını özündə ehtiva edən ən mükəmməl formuldur.
Ötən illər ərzində “Bir millət, iki dövlət” prinsipi dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə edib. Bu gün Türkiyə və Azərbaycan siyasi və hərbi, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşdırlar. İkitərəfli əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradıldı. Xəzər dənizi enerji qaynaqlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrinin reallaşdırılması Azərbaycan və Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım oldu.
İki qardaş ölkə hər zaman regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində də Türkiyə ilə faydalı əməkdaşlıq edir.
Son illər baş verən hadisələr bir daha təsdiq etdi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Cənubi Qafqazda sabitliyin təmin edilməsinə, regionun tərəqqisinə yönəlib.
Hazırda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik haqqında Bəyannamə imzalanması ilə Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi.
Azərbaycan-Türkiyə münasibətləri daim ən yüksək səviyyədə müzakirə olunur, hər iki dövlətin maraqlarına uyğun qərarlar qəbul olunur. Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması istiqamətində görülən işlər xüsüsi ilə mühüm əhəmiyyət daşıyır. Təbii ki, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək. Bütün görüşlərdə Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı diqqətə çatdırılır.
2020-ci il dekabrın 10-da iki ölkə liderinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan və Türkiyə respublikaları arasıda media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalandı. 6 maddədən ibarət olan sənəd iki ölkənin media sahəsində əlaqələrin inkişaf etdirilməsinə, bu sahədə yeni hədəflərə çatmağa, media üçün sağlam mühitin yaradılmasına, məlumat, bilik, təcrübə mübadiləsinə xidmət edir. Birgə Media Platforması Azərbaycan-Türkiyə ikitərəfli əlaqələri gücləndirməklə strateji media ortaqlığını nəzərdə tutur.
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumunda çıxışında bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və fədakarlığı, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi, media ictimaiyyətinin də işində əsaslı dönüş yaradıb. Qeyd edilib ki, Vətən müharibəsi gedişində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı silaha sarılaraq da Vətənin müdafiəsinə qalxmışdılar.
Bu bir həqiqətdir ki, müharibə təkcə səngərdə yox, həm də informasiya məkanında gedir. Qırx dörd günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz silahları ilə, jurnalistlərimiz də qələmləri ilə vuruşdular. Vətənpərvər jurnalistlərimiz qələmi süngüyə çevirərək Vətənin müdafiəsinə qalxdılar. Qardaş Türkiyə mediası Azərbaycanın haqq səsinə səs verdi. Bu mənada MEDİA-nın İcraçı direktorunun Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş Türkiyə mediasına təşəkkür borcumuzun olduğunu vurğulamasının böyük əhəmiyyəti vardır: “Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar”.
Bəli, həmin günlərdə Azərbaycan mediası kimi Türkiyə mediası da informasiya məkanında böyük fədakarlıq nümayiş etdirdi. Qırx dörd gün ərzində bizim jurnalistlərimizlə çiyin-çiyinə verərək səngərlərdən reportajlar verdilər, peşəkarlıq, operativlik və fədakarlıq nümunələri yaratdılar. Təcavüzkar Ermənistanın raket zərbələrinə məruz qalan, əsl qətliam meydanına çevrilən Gəncədən, Bərdədən, Tərtərdən, Naftalandan və digər bölgələrdən yayımlanan birbaşa, canlı reportajlar verdilər, sözün qüdrəti ilə erməni faşistlərinin cinayətlərini bütün dünyaya çatdırdılar. Vətən müharibəsinin hər gününü, hər dəqiqəsini qətiyyət, mətanət nümayiş etdirərək Azərbaycan mediası ilə bərabər yaşadılar. Bütün bunlar dünyaya örnək olacaq əsl dostluq, qardaşlıq nümunəsidir…

