Narkomaniya bəşəri bəladır
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrinin, psixotrop maddələrin və onların prekursorlanın qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının icrası ilə bağlı 2022-ci ilin I rübü ərzində bir sıra işlər görülmüşdür. Ölkədə narkomaniyaya qarşı son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlərə uyğun olaraq Yevlax rayonunda da mübarizə işlərinə geniş start verilmişdir.
2022-ci ilin I rübü ərzində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar aşkar olunmuş 23 satış, 36 saxlama olmaqla, 59 fakt üzrə 2,250,8 qram qurudulmuş marixuana, 763,4 qram heroin, 211,4 qram metamfetamin, 126,9 qram tiryək və 0.02 qram metadon dövriyyədən çıxarılmışdır. Əvvəlki illərə nisbətən aşkar olunmuş faktlar xeyli artmışdır. Son vaxtlar maarifləndirmə tədbirləri gücləndirilmişdir.
Rayon ərazisində narkotik vasitələrin, psixotrop dərmanların qanunsuz yayılması və həkim təyinatı olmadan narkotik maddələrin qəbulu ilə məşğul olan şəxslərlə mübarizəni gücləndirmək məqsədi ilə rayon ərazisində yerləşən təhsil ocaqlarında görüşlər keçirilmiş, gənclər və yeniyetmələr arasında narkomaniyanın insan üçün “Ağ ölüm” olmasının mənfi fəsadları barədə məruzələrlə çıxışlar edilmişdir. Belə ki, 2022-ci il ərzində Yevlax rayon ərazisində yerləşən bütün təhsil müəssisələrində, Heydər Əliyev Mərkəzində gənclər və yeniyetmələr arasında “Narkomaniyaya yox deyək” devizi altında tədbirlər keçirilmiş və bu istiqamətdə silsilə tədbirlərimiz davam etdirilir.
Çıxış edənlər ölkəmizdə hər bir vətəndaşın sağlam həyat tərzi yaşayıb işləməsi, firavan ömür sürməsi üçün dövlət səviyyəsində göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək onu da təəssüf hissi ilə bildirmişlər ki, müstəqil dövlətimizin dinamik və qlobal inkişafını gözü götürməyən bəzi düşmən xislətli xarici qüvvələr narkomanlığı, dini radikalizm meyllərini cəmiyyət arasında təblig etməklə ölkəmizdə hökm sürən sabitliyi pozmağa çalışırlar. Lakin həmin cinayətkar ünsürlər unutmamalıdır ki, möhkəm təməllər üzərində qurulmuş qüdrətli Azərbaycan dövləti doğma Vətəninə sadiq, sağlam əqidəli insanlarımız ölkəmizdə təxribat törətmək niyyətinə düşən hər bir xəyanətkar və məkirli qüvvələri susdurmağa qadirdir.
Bundan başqa, kütləvi informasiya vasitələrində o cümlədən, yerli “Kür” qəzetində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar işıqlandırılmış, bu istiqamətdə profilaktiki işin səmərəliliyinin artırılması məqsədi ilə maarifləndirmə və təbliğat tədbirlərinin daha geniş şəkildə aparılması təmin edilmişdir.
Yevlax Rayon Polis Şöbəsində və şəhər Poliklinikasında 789 nəfər dispanser, 259 nəfər isə profilaktiki (narkoloji kabinetdə nəzarətdə olan) qeydiyyatdadır.
Həkim təyinatı olmadan narkotik vasitələrini qəbul etdiklərinə görə dispanser və profilaktiki qeydiyyatda olan narkomanlarla əlaqədar və əvvəllər məhkum olunmuşlarla müntəzəm olaraq profilaktiki tədbirlər aparılmışdır.
Narkotik vasitələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə daim rayon komissiyasının diqqət mərkəzindədir. Bu istiqamətdə ardıcıl tədbirlərimiz davam etdirilir.
Elnarə Əzizova,
Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi, humanitar məsələlər şöbəsinin müdiri

