Açıq məktubun açıq şifrələri
ABŞ Azərbaycanın regionda yaratdığı reallıqları dəstəkləyir
Azərbaycan öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi bu gün də diqqət mərkəzindədir. Xüsusilə ölkəmizin dünyanın supergücü olan ABŞ-la strateji münasibətləri ötən dövrlərdə daha geniş inkişaf edib ki, bu da hər iki tərəfə ciddi iqtisadi və siyasi dividentlər gətirib. Məhz ABŞ Prezidenti Cozef Baydenin 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bu istiqamətdə bir çox vacib məqamlar əks olunub. İlk növbədə ABŞ Prezidenti ölkəsi ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 ilini qeyd edib. Xüsusilə ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi, beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini bir daha bəyan edib. Cənab Bayden məktubunda Azərbaycanın enerji resurslarının Avropanın təhlükəsizliyinin təmin olunması fonunda ölkəmizi sabitləşdirici faktor hesab edir. Dünyanın ən aparıcı dövləti olan ABŞ ölkəmizi terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrə görə də təqdir edir.
Məktubda daha bir vacib məqam-hazırkı vəziyyətin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsidir : «İndi Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasında kömək etməyə hazırdır.»
Əslində, bu yanaşma ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilir. Bununla da Ağ Ev rəhbərliyi Azərbaycanın sülh təşəbbüslərini açıq şəkildə dəstəklədiyini, ərazi bütövlüyümüzə hörmətlə yanaşdığını ən ali səviyyədə bəyan edir. Eyni zamanda, ABŞ Azərbaycanın iqtisadi, nəqliyyat əlaqələrinin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir. Həmçinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa- quruculuq işlərinə dəstək verəcəklərini və bunun regiona sülh, əmin-amanlıq gətirəcəyini bildirir.
ABŞ kimi supergücün qarşıdakı illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu da ifadə etməsi ölkəmiz üçün yeni inkişaf perspektivləri yaratmış olur. Ölkəmizə belə səmimi münasibət bir daha onu göstərir ki, ABŞ Azərbaycanla əlaqələrə yüksək dəyər verir. Bu isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətlə, dövlət başçımızın şəxsi nüfuzu ilə birbaşa bağlıdır. Cənab Baydenin məktubunda ölkəmizlə ABŞ-ın iqtisadi əməkdaşlığının perspektivləri barədə də qeyd edilir. Bu fakt bir daha göstərir ki, ABŞ-ın iqtisadi təhlükəsizlik platformasında Azərbaycan mühüm tərəfdaş kimi dəyərləndirilir.
Bu gün Rusiya-Ukrayna münaqişəsinin doğurduğu reallıqlar zəminində bölgədə nüfuzu daha da artan ölkəmizlə ABŞ-ın həm enerji, həm də təhlükəsizlik məsələlərinin həllində ortaq maraqları mövcuddur. ABŞ Prezidentinin məktubunda bu məqam daha aydın görünür. Qeyd edək ki, Rusiyanın Qərbin sərt sanksiyalarına məruz qalaraq neft və qaz istehsalında və ixracında böhran vəziyyətinə düşməsi bütün diqqəti Azərbaycana yönəldib. Məhz bir çox qaz və neft kəmərləri ilə Avropaya çıxış qazanan ölkəmiz indi enerji sahəsində ən səmərəli tərəfdaşa çevrilib.
Bəli, sözügedən məktubda açıq mətnlə ifadə olunur ki, regionun gələcək inkişafı Azərbaycanın və onun Liderinin siyasəti ilə sıx bağlıdır. Məhz bu əhəmiyyətli məqamın mövcudluğu Azərbaycanla əməkdaşlığa üstünlük vermək istəyən böyük dövlətlərin sırasını hər gün daha da genişləndirir.

