Cənubi Qafqazın lider dövləti
Dövlətlərarası diplomatik əlaqələrin 30 illik təcrübəsi göstərir ki, hər iki ölkə müdafiə, transmilli təhdidlərə, sərhəd və enerji təhlükəsizliyi sahələrində, terrorçuluqla mübarizədə əməkdaşlığın inkişafında maraqlıdır
«Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, güclü siyasi iradə olmasa heç bir ölkə müstəqil siyasət apara bilməz. Azərbaycanın biri-birini tamamlayan siyasi və iqtisadi müstəqilliyinin yaratdığı uğurların beynəlxalq səviyyədə etirafı ölkəmizə öz sözünü daha qətiyyətlə demək imkanları qazandırıb. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, başqalarından asılı olmayan prinsipial xarici siyasəti bütün səviyyələrdə dəstəklənir, sözünə sadiq, etibarlı tərəfdaş kimi tanınır.
Diplomatik və siyasi uğurlarımızın təməli olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyamızın uğurlu həlli, «Üç dəniz əfsanəsi» adlandırılan «Əsrin müqaviləsi»nin imzalanması ilə dünya birliyində nüfuzu möhkəmlənən Azərbaycanın adı hazırda supergüc dövlətlərlə eyni səviyyədə çəkilir. «Əsrin kontraktı»”nın imzalanmasını tarixi hadisə adlandıranların qeyd etdikləri kimi, müstəqilliyini yenicə bərpa edən, iqtisadiyyatı dağıdılan, sənaye istehsalı iflic vəziyyətində olan, kütləvi işsizliyin hökm sürdüyü Azərbaycana xarici sərmayə gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi. Ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası intensivləşdi, ölkəyə qoyulan xarici investisiyanın həcmi çoxaldı, Azərbaycana maraq artdı.
«Mən o illəri yaxşı xatırlayıram. Dövlət Neft Şirkətinin bir qrup rəhbər işçisi 1994-cü ildə danışıqlar aparmaq üçün Amerikanın Hyuston şəhərinə ezam edilmişdi. Orada bir aydan çox danışıqlar aparıldı. Xoşbəxt müəllim o danışıqların çox fəal iştirakçısıdır. Bu danışıqlar nəticəsində sentyabr ayında kontrakt imzalandı. Bu kontrakt o vaxt üçün ən məqbul və əlverişli şərtlərlə imzalanmışdı. Biz bunu elə o vaxt – 1994-cü ildə deyirdik. O vaxt bizdə kontraktın şərtlərini təhlil edə biləcək mütəxəssislər demək olar ki, yox idi. Ancaq biz deyirdik və bilirdik ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin edildi və bugünkü reallıq onu göstərir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən olan ABŞ-la münasibətlərin normallaşdırılması o illərdə xüsusi prioritet təşkil edirdi. Neft strategiyasının ilk mərhələsindən etibarən Azərbaycanın yanında olan, neft-qaz layihələrinin reallaşması üçün ölkəmizə maddi, mənəvi dəstək göstərən Amerika Birləşmiş Ştatlarının xarici siyasət kursunda respublikamıza diqqətin artması okeanın o tayı ilə əlaqələrimizi şaxələndirdi. Rəsmi Vaşinqton Azərbaycanla münasibətləri daha da genişləndirmək üçün müəyyən addımlar atdı. İllər keçdikcə iki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya, demokratiya və digər sahələri əhatə edən güclü təmaslar yarandı. Hazırda hər iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
Artıq 30 illiyi qeyd olunan ABŞ- Azərbaycan diplomatik əlaqələrinin hər iki dövlətin milli maraqlarına uyğun yüksələn xətlə inkişafının nəticəsidir ki, rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi tanıyır. Dünya siyasətinin aktual qlobal və regional problemlərinin həllinə tərəfdaş kimi eyni mövqedən münasibət bildirən ABŞ-Azərbaycan əməkdaşlığı bütün sahələrdə hiss olunur. Azərbaycanın təşəbbüsü ilə reallaşan, dünyanın enerji, nəqliyyat xəritəsini dəyişən qlobal layihələrin həyata keçirilməsində daim ölkəmizin maraqlarını müdafiə edən ABŞ-la əlaqələrimiz diplomatik və enerji sahələri üzrə daha uğurla inkişaf edir.
ABŞ Prezidenti Cozef Baydenin bu günlərdə 28 May- Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının təcəssümüdür. ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyəsinin məktubda xüsusilə vurğulanması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildə qazanılan qarşılıqlı anlaşma prinsiplərinə verilən dəyərdir. Ötən illər ərzində enerji mənbələrinin şaxələndirilməsindən, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizədəki əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluq ifadə olunan məktubda Azərbaycan dünya iqtisadiyyatının ayrılmaz hissəsi kimi dəyərləndirilir. ABŞ Prezidenti dünyada sabitliyin təminatına böyük töhfələr verən, beynəlxalq terrorizmə qarşı mübarizədə səyini əsirgəməyən ölkəmizlə strateji əməkdaşlığı yüksək dəyərləndirir. Məktubda qeyd olunduğu kimi, dünyada baş verən münaqişələrin tənzimlənməsində, təhlükəsizliyin təminatında barışdırıcı mövqeyini əməli fəaliyyəti ilə bildirən, enerji mənbələrinin şaxələndirilməsinə böyük önəm verən, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının yaranmasının təşəbbüskarı olan Azərbaycan tolerantlığa sadiq azsaylı ölkələrdəndir. Uzun illər Əfqanıstana göstərdiyi yardımlarla, hava məkanından istifadə üçün yaratdığı imkanlarla beynəlxalq terrorizmə qarşı mübarizədə fərqlənən Azərbaycan bu sahədə ABŞ-ın ən yaxın tərəfdaşı kimi özünü doğruldub
Məktubda «İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır» sözlərinin yer alması o deməkdir ki, beynəlxalq səviyyədə haqqın- ədalətin qələbəsi kimi qiymətləndirilən İkinci Qarabağ müharibəsindəki Zəfərimiz ABŞ tərəfindən də dəstəklənir.
Dünyanın güc sahiblərindən olan rəsmi Vaşinqton postmüharibə dövründə Prezident İlham Əliyevin yürütdüyü siyasətə tərəfdardır və Azərbaycanın regionda yaratdığı reallıqların dünya siyasətinə müsbət təsiri etiraf edilir. Qalib, Müzəffər Ali Baş Komandan kimi bölgədə sülhün bərqərar olmasının, yeni nəqliyyat-tranzit qovşağının, həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan Prezident İlham Əliyevin qətiyyəti ilə xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsi ilə bağlı həyata keçirilən infrastruktur, nəqliyyat-kommunikasiya layihələri, COVID-19 pandemiyası dövründə dövlət başçımızın irəli sürdüyü humanitar təşəbbüslər təqdir edilir.
ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılmasında ölkəmizdə həyata keçirilən demokratik islahatların davamlı olması mühüm əhəmiyyətə malikdir. Ölkəmizin Avropa dövlətlərinin enerji təchizatı sahəsində əhəmiyyətli rolu, dünyanın enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyəti ABŞ-la əməkdaşlığımızı gücləndirən amillərdəndir. Xəzərətrafı ölkələr arasında böyük nüfuza malik Azərbaycanın bölgədə yaratdığı təhlükəsizlik, qarşılıqlı anlaşma prinsiplərinə sadiqlik ABŞ-ın xarici siyasətində prioritet olduğundan bu sahədə də ölkəmizin təşəbbüsləri Vaşinqton rəsmiləri tərəfindən dəstəklənir.
ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafı təkcə ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə bağlı deyil. Azərbaycanın dünyada nümunə göstərilən multikultural dəyərlərə, tolerantlığa sadiqliyi, humanitar təşəbbüsləri ilə fərqlənməsi, siyasi qətiyyəti ilə seçilməsi, demokratik islahatlara xüsusi diqqət göstərməsi, ölkəmizin milli dövlətçilik kursuna sadiqliyi ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, siyasi müttəfiqliyə uzanan yolun bələdçisidir.
İki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə qarşılıqlı ehtiramın nəticəsində Azərbaycan-ABŞ strateji müttəfiqliyi daha da güclənəcək.
Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafətin təşkili dövlətlərarası münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərən amillərdir.
Mərasimdə qeyd olunub ki, Azərbaycanla ABŞ müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdırlar. Rəsmi Vaşinqtonun postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərinə, minaların təmizlənməsi və humanitar yardım sahələrində dəstəyi artırmaqda maraqlı olması vurğulanıb. Bölgəmizdə sülhün və əmin-amanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

