Cəmiyyət 

Yay-payız aylarında “Böyük Qayıdış”ın başlanğıcı planlaşdırılır

Züriyə Qarayeva: “Qarabağ Azərbaycanın gələcəyi üçün yeni bir modelə çevrilir”

İşğaldan azad edilmiş ərazilərimizə qayıdış planı sürətlə həyata keçirilir. Bu istiqamətdə son məlumatlardan biri ondan ibarətdir ki, həmin ərazilərdə məscid və dini ibadət yerlərinin müəyyənləşdirilməsi ilə bağlı işlər başlayıb.  Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib. O deyib ki, Zəngilanda vaxtilə mövcud olan Zəngilan şəhər məscidinin əsaslı bərpasi davam etdirilir: “Eyni zamanda Hadrut, Şuşa və Suqovuşanda yeni məscid komplekslərinin tikinti işləri davam edir”.

Politoloq Züriyə Qarayeva “Yeni Müsavat”a açıqlamasında bu istiqamətdə görülən işləri müsbət dəyərləndirdi: “İlk növbədə Ermənistan silahlı qüvvələrinin işğal dövründə yerləşdirdiyi minaları təmizləməklə başlayan Azərbaycan, eyni zamanda bölgənin ilk infrastruktur layihələrinə də start verib. Birinci layihə ölkənin ”mədəniyyət paytaxtı” elan edilmiş Şuşaya iki yeni yolun çəkilməsi idi. Türkiyə şirkətlərinin iştirak etdiyi bu yol infrastrukturu artıq tamamlanıb. Yol işlərindən sonra Füzuli beynəlxalq hava limanının tikintisinə başlanıldı. Ən ağır yük təyyarələri də daxil olmaqla, hər cür təyyarənin istifadə edə biləcəyi şəkildə inşa edilən hava limanı Türkiyə prezidentinin də qatıldığı mərasimlə istifadəyə açıldı.

Azərbaycan təkcə Füzuli ilə kifayətlənməyərək, növbəti dövrdə işğaldan azad edilmiş Laçın və Zəngilanda da hava limanlarının  inşasına start verdi. Ermənistanla sərhəddə yerləşən Zəngilan rayonun logistika mərkəzinə çevrilməsi də ölkə rəhbərliyinin planları sırasındadır. Zəngilanın Ağalı kəndinin bərpası  rayonda yenidən qurulan ilk kənd oldu. Pilot layihə kimi “Ağıllı kənd” konsepsiyası ilə salınan  kənddə 1000-ə yaxın əhalinin  məskunlaşdırılması nəzərdə tutulub”.

Bayden “Ukraynanın yanında olacağıq" bəyanatına sadiq qalmayacaq-

Politoloq onu da qeyd etdi ki, Azərbaycan rəhbərliyi ilk növbədə Ağdamı şəhər layihəsi əsasında bərpa etməyi planlaşdırıb: “İşğal dövründə erməni silahlı birləşmələri tərəfindən dağıdılıb talan edilərək ”kabus şəhərə” çevrilən Ağdam 50 mindən çox insanın yaşayacağı müasir şəhər olacaq. Hökumət həm də bölgənin “yaşıl enerji” regionuna çevrilməsi üçün də  investisiyalar yatırmaqdadır. Bu çərçivədə Kəlbəcər və Laçında külək elektrik stansiyaları, Zəngilan və Cəbrayılda isə günəş elektrik stansiyaları tikiləcək. Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin işlənməsində dost və qardaş ölkələrdən investorların, xüsusən də türk şirkətlərinin iştirakını gözləyir.

Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəldilməsi əsas vəzifələrdən biridir, yəni “Böyük Qayıdış” əsas prioritetlər siyahısındadır. Qarabağın dirçəlişi fonunda minlərlə həmvətənimiz Dirçəliş Fonduna artıq 130 milyon dollar bağışlayıb. Bu da bizim həmrəyliyimizin gözəl nümunəsidir.

Azad edilmiş torpaqlarda dağıdılmış infrastrukturun bərpası, təkcə mülkiyyətin bərpası və onun əvvəlki vəziyyətinə gətirilməsi deyil. Bu, həm də həyat şəraitinin  yüksəldilməsinə yeni standartların, innovativ yanaşmaların tətbiqi üçün gözəl imkandır. Dövlət başçısının müəyyən etdiyi konsepsiyalara görə işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanı yeniliklərin sınaq meydanına çevirir. Qarabağ Azərbaycanın gələcəyi üçün yeni  bir modelə çevrilir.

Azad edilmiş ərazilərdə biznes yaratmaq üçün də artıq hökumətə minlərlə təklif  daxil olub.

Ciddi zəmanətlər, güzəştlər, kapital qoyuluşlarının sığortalanmasının yaxşı işləyən sisteminin yaradılması təşəbbüsü də hökumətimiz tərəfindən irəli sürülüb. Azərbaycan bu cür təşəbbüslərin zəruriliyini dərk edərək, işğaldan azad edilmiş ərazilərdə Qarabağa maliyyə vəsaitlərinin axınını stimullaşdırmaq üçün nəzərdə tutulmuş xüsusi fiskal şəraitin yaradılması üzərində işləyir. Axı işğaldan azad edilmiş torpaqlara ölməz Şəhidlərimizin müqəddəs qanları tökülüb. Azərbaycanın yeni imicinin formalaşacağı bu strategiyada korrupsiyaya yol vermək mənəviyyat kodeksinə sığmayan addım olardı.

Azərbaycanda bizneslə məşğul olmaq üçün lazımi şərait yaradılıb. Dövlət sahibkarlara mənəvi-siyasi dəstək verməklə, güzəştli kreditlər verməklə onlara dəstək olur. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlıq fəaliyyətinin yaradılması  istiqamətində də  mühüm işlər görülür. Məsələn, Ağdam Sənaye Parkında artıq 15 müəssisə fəaliyyət göstərir. Sənaye parkının ərazisində 190 hektar sahədə tikinti materialı istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Ölkə rəhbərliyi işğaldan azad edilmiş ərazilərdə biznes yaratmaq üçün yerli sahibkarları cəlb etmək yolunda kompleks tədbirlər də həyata keçirir.

Xarici ölkələrdən daxil olan müraciətlər arasında Türkiyə, İran, Rusiya, İsrail və Qazaxıstandan müraciətlər üstünlük təşkil edir.

Qarabağ və  Şərqi Zəngəzur iqtisadi   rayonlarının təbii potensialı, lazımi turizm infrastrukturunun da yaradılmasına imkanlar açır. Bir sözlə, istehsal, kənd təsərrüfatı, turizm hazırda ölkə rəhbərliyinin özəl sahibkarlardan təkliflər gözlədiyi əsas sahələrdir. Münaqişədən sonrakı tikinti Azərbaycanda iqtisadi artıma təkan verəcək. Qarşıdakı yay-payız aylarında “Böyük Qayıdış”ın başlanğıcı planlaşdırılır”.

Daha çox xəbərlər