Region Gənc Müəllimlərinin II Şəbəkələşmə Forumu – Bərdə
Region Gənc Müəllimlərinin II Şəbəkələşmə Forumu
22 may 2022-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) region gənc müəllimlərinin yumşaq bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə Bərdə Peşə Liseyində “Region gənc müəllimlərinin II şəbəkələşmə forumu” nu təşkil etdi.
Şəbəkələşmə forumunda Bərdə Peşə Liseyinin direktor müavinləri Samir Nəcəfov, Rafiq Alıyev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini Aytac Ağarəhimli, peşəkar mütəxəssislər Qoşqar Məhərrəmov, Könül Nəhmətova, Əminət Diqanayeva və Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Beyləqan rayonlarında fəaliyyət göstərən 60-dan çox müəllim iştirak edib.
Təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik edərək, gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən edib bu istiqamətdə müxtəlif təlimlər keçən AGMA müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə forumda “Netvörkinq bacarığı”, “Emosional intellekt” və “Sinfin idarəolunması” mövzularında təlimlər təşkil edib.
Cəmiyyətin etibarlı dayağı olan istedadlı gənc müəllimlərin aşkara çıxarılmasını, müsbət müəllim imicinin formalaşmasını qarşısına məqsəd qoyan AGMA gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirərək gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcəkdir.
Forumun keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Bərdə Şəhər İcra Hakimiyyətinə, Qarabağ Regional Təhsil İdarəsinə təşəkkür edirik!
Təlimin sonunda forumda iştirak edən müəllimlərə sertifikatlar verildi.
Qeyd edək ki, “Region Gənc Müəllimlərinin II Şəbəkələşmə Forumu” Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021-2022-ci illərdə Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf proqramı” layihəsi çərçivəsində icra olunur. 9 aprel 2022-ci il tarixindən başladığımız silsilə forumlar 10 region olmaqla 39 rayonu, 800-ə yaxın müəllimi əhatə etdi. Başda Azərbaycan Respublikası Təhsil Nazirliyi olmaqla forumun keçirilməsində bizə dəstək olan bütün qurumlara təşəkkür edirik!






