Tarix boyu Türkiyə və Azərbaycan bu qədər bir-birinə yaxın olmayıb
Dünya xalqlarımızın qardaşlığının daha bir təntənəsinin şahidi olacaq
Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi, eyni zamanda, azad Qarabağın, azad Şuşanın 15 iyun 2021-ci il tarixində şahidlik etdiyi Şuşa Bəyannaməsi əsasında rəsmiləşən müttəfiqliyi dünyaya nümunədir. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, dünya miqyasında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun.
İstər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan qardaş Türkiyənin, Türkiyə isə Azərbaycanın yanındadır. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Dost, qardaş Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşması üçün Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradda, həmçinin “Star” neft emalı zavodunun açılış mərasimində söylədiyi fikirləri yada salmaq istərdik. “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik” söyləyən Türkiyə Prezidenti bildirmişdir ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi Türkiyə üçün də eyni dərəcədə ağrılı problemdir. Problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyə sonadək dəstəkləyəcək. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz Vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir.
Rəcəb Tayyib Ərdoğan bu kimi bəyanatları ilə Azərbaycanın dəyişməz mövqeyinə dəstəyini ifadə edir, bütün münaqişəli məsələlərin həllində ədalətin və beynəlxalq hüququn əsas götürülməsinin vacibliyini bildirirdi. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərməklə həm qardaşlığın, dostluğun sarsılmazlığını, həm də haqqın, ədalətin yanında olduğunu nümayiş etdirdi.
Keçilən yol, tarixi Zəfərimiz Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi” fikirlərinin təsdiqidir. Vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunub. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amillərdir. Bir sözlə, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi sayəsində öz taleyi, siyasəti, münasibətləri və sair mühüm amillərlə bağlı olaraq özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir. Bu günlərdə Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olan Rize-Artvin Hava Limanının açılış mərasimində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini bildirən Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Türkiyənin ikiəsrlik demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı.
Tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradan, dünya siyasətində dəyişikliklərə, yeniliklərə yol açan qalib Azərbaycanın müstəqilliyinin bərpasından ötən 30 ildən artıq dövrdə keçdiyi inkişaf yolu, qazandığı uğurlar göz önündədir. Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu uğurlara yol açan düzgün müəyyənləşdirilmiş və gələcəyə hesablanmış siyasətdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Bu işlər də iki dost ölkənin birgə səylərinin aydın ifadəsini yaradır. Azad Qarabağa, azad Şuşaya ilk səfər edən, Qarabağın dünyaya açılan qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşu həyata keçirən xarici ölkənin dövlət başçısı kimi Rəcəb Tayyib Ərdoğan beynəlxalq standartlara cavab verən bu aeroportun açılışına qatılaraq bu torpaqlarda yalnız quruculuq-bərpa işlərinin aparılacağına, bu yerlərdə yalnız sülh və əmin-amanlıq olacağına dair dosta da, düşmənə də mesaj verdi.
Onu da qeyd edək ki, yaxın günlərdə imzalanmasının bir ili tamam olacaq Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini təsdiqləyən rəsmi sənəddir. Milli Qurtuluş Günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan bu Bəyannamə ilə münasibətlərimiz daha yüksək zirvəyə ucaldı. Bu sənəd dünənə baxış fonunda perspektivlərə işıq salır, hədəfləri özündə ehtiva edir. Bəyannamədə yer alan məsələlərin həlli gələcəkdə iki qardaş ölkənin münasibətlərinin daha yüksək səviyyədə, müxtəlif istiqamətlər üzrə inkişafının aydın mənzərəsini təqdim edir. Dövlət başçısı bildirir: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.
Təhlillər bu qənaətə gəlməyə əsas verir ki, bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Bu iki qardaş ölkə şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində ölkəmizə səfəri zamanı sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında söylədiyi “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir” fikirləri bugünümüzün reallıqlarında öz əksini tapıb. Azərbaycan Prezidenti ölkəmizin həyatında başlanan yeni mərhələdə-işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin uğurla başa çatdırılaraq soydaşlarımızın Böyük Qayıdışını gerçəkləşdirmək istiqamətində atılan addımlarda dost ölkələrin iştirakına ilk gündən çağırışlar etdi. Əvvəldə də qeyd etdiyimiz kimi, qardaş Türkiyənin və şirkətlərinin görülən işlərdə öz payı var. İşğaldan azad edilmiş ərazilərdə uğurla icrası başa çatan layihələr də iki dost ölkənin bir yerdə olduğunu təsdiqləyir.
Reallıq göz önündədir. Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilirək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan yolun təqdimatlarıdır. İki müttəfiq ölkənin birgə səyləri, siyasi iradəsi əsasında reallaşan layihələrin coğrafiyasının genişlənməsi onların dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna işıq salır.
İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Azərbaycan Ordusunun hansı imkanlara malik olmasının dünyaya təqdimatında mühüm rol oynayan Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyinə həsr olunan parad, bu paradda bugünümüzlə bağlı inamla səsləndirilən bəyanatların reallıqda təsdiqi olan tarixi Zəfərimizi dünyaya nümayiş etdirən 2020-ci ilin 10 dekabr Zəfər paradı Azərbaycan və Türkiyə ordusunun malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Prezident Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirərək “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq” fikirləri ilə bu dostluğun sarsılmazlığını bəyan etdi. Paradda qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, böyük öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.
Mayın 26-da dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidi olacaq. 26-29 may tarixlərində Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalı bir daha bu birliyin təqdimatı olacaq.

