Bakıdakı güclü yanğında xəsarət alanların son vəziyyəti AÇIQLANDI – YENİLƏNİB + FOTO/VİDEO
“Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın zamanı iki nəfər yaralanıb”.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar.
16:09
Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bununla bağlı FHN məlumat yayıb.
Yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28 000 kvadratmetr olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000 kvadratmetr hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin iki nəfər əməkdaşı yüngül xəsarət alıb.
15:20
Bakıda Nərimanov rayonundakı sexdə yanğının söndürülməsi üçün iki helikopter cəlb edilib.
Oxu.Azbildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdiriblər. Sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Eyni zamanda məlum olub ki, güclü yanğında iki FHN əməkdaşı xəsarət alıb.
Bu barədə “Unikal” məlumat yayıb.
Onlardan Hacıyev Vüqarın çiyninə beton parçası düşüb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Digər FHN əməkdaşı isə tüstüdən zəhərlənib.
Əlavə məlumat veriləcək.
13:34
Bakıda sexdə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.

