Şəxsiyyət qıtlığı
Nasizm Ermənistanı məhv edir
Ölkənin ən ciddi problemlərindən biri də şəxsiyyət qıtlığıdır
Ermənistanda davam edən etiraz mitinqlərinin əsas təşkilatçıları ölkənin keçmiş prezidentləri, «Qarabağ klanı»nın rəhbərləri Robert Kocaryanla Serjik Sarkisyanın tərəfdarlarıdır. Onlar müstəqil Ermənistan dövləti tarixində nasizmi təbliğ edən və bölgəni uzunmüddətli müharibələrə cəlb edən qatı cinayətkarlardır. Özlərinin də etiraf etdkləri kimi, Xocalı, Qaradağ və Azərbaycanın digər qəsəbə və kəndlərində soyqırımlar törədən, Azərbaycan xalqının mədəni və dini irsini məhv edən həmin canilər bu gün bölgədə sülh olmasını hər vəchlə əngəlləməyə çalışırlar. Düzdür, Azərbaycan Ordusunun 44 günlük tarixi Zəfərindən sonra ermənilər anlamağa başladı ki, güclü Azərbaycanla sülh imzalamaq və qonşu ölkələrə olan ərazi iddialarından əl çəkmək onların yeganə xilas yoludur. Bunula belə Kocaryanla Sarkisyanın revanşist niyyətləri Ermənistanda ciddi siyasi xaos yaradır.
Ermənistanda nasizm həmişə olub. Lakin Koçaryan və Sarkisyanın hakimiyyəti illərində bu antibəşəri proses daha da güclənib. Artıq dünya ictimaiyyəti də anlayır ki, Ermənistandakı nasizm bu xalqı yalnız məhvə sürükləyir. Qeyd edək ki, «V media» adlı «YouTube» kanalı «Erməni xalqı- nasizmin qurbanı» adlı video paylaşıb. Videoda deyilir ki, Ermənistanda son onilliklərdə nasizmin qəhrəmanlaşdırılması prosesi ciddi şəkildə genişlənib. Filmdə Ermənistanın keçmiş prezidentləri Robert Koçəryanın və Serjik Sarqkisyanın hakimiyyəti dövründən başlayaraq nasizmin necə dövlət ideologiyasına çevrilməsindən bəhs edilir. Belə ki, Qaregin Njdenin mahiyyətcə nasist doktrinasını qəbul edən Respublika Partiyasına bu gün də Serjik Sarkisyan rəhbərlik edir. Partiya tərəfindən nəşr olunan broşürlərdə və videoroliklərdə yer alan çıxarışlarda faşizmin əsas çağırışları olan «qeyri-insanlar»ın əhatəsində ermənilərin «ali irq» kimi təqdim edilməsi, etnik təmizləmələr, qonşu dövlətlərə qarşı təcavüzkar siyasət və s. ön sırada gəlir. Hətta Njdenin «Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeyin fövqündədir» irqçi fikirləri bu gün Ermənistanda hələ də əsas milli ideologiya hesab olunur. Qeyd edək ki, nasist ideologiyasının əsas daşıyıcısı olan və buna görə də bütün ölkələrdə sərt qınanan Qaregin Njdenin «möhtəşəm» heykəli İrəvanda, hətta Rusiyanın Armavir şəhərində ucaldılmışdı. Düzdür, Prezident İlham Əliyevin sərt qınağından sonra bu erməni qatilinin Armavirdəki heykəli sökülərək zibilliyə atıldı.
Bu gün dünyagörüşü inkişaf etmiş bəzi erməni ziyalıları da etiraf edirlər ki, Ermənistanda nasizm ideyalarına son qoyulsa bölgədəki müharibə ocaqları da birdəfəlik sönə bilər. Bu isə bölgəyə, xüsusilə iflas həddinə çatmış Ermənistana inkişaf imkanları qazandırar. Bu gün erməni nasistlərini ciddi narahat edən Zəngəzur dəhlizinin açılması məsələsinin gündəmdə olmasıdır. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsindən qalib çıxan ölkəmiz Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda göstərildiyi kimi, Naxçıvan Muxtar Respublikası ilə dəmir və quru yol əlaqələrini bərpa etmək istəyir. Dəhlizin açılması Azərbaycan üçün çox önəmlidir. Çünki dəhliz təkcə Naxçıvanın deyil, həm də qardaş Türkiyənin Azərbaycana və dünyaya çıxış imkanlarını artıracaq. Ən əsası infrastruktur layihələrinin icrası baxımından regionun mənzərəsi xeyli dəyişəcək. Rusiyadan gələn yüklər də bu dəhlizlə kəsintisiz Ermənistana, İrana və Türkiyəyə çatdırılacaq. Türkiyə də bu dəhliz vasitəsilə Orta Asiyaya, Rusiyaya dəmiryolu çıxışı əldə edəcək. Hətta hesablamalara görə, Ermənistan da Zəngəzur dəhlizinə qoşulsa onun ÜDM-nin həcmi 25-30 faiz və ixrac potensialı 2 dəfə arta bilər. Lakin bu ölkədəki nasizm təzahürləri, antitürk ideologiyası onları hətta öz ölkələrinin işıqlı gələcəyə doğru irəliləməsinə imkan vermir. Bəli, bu işğalçı ölkə həmişə olduğu kimi, məhz bu gün də şəxsiyyət qıtlığı problemi ilə yaşayır.

