Müstəqillik arzusunun gerçəkliyə qovuşduğu şanlı tarix – 28 May
Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında 104 il ötür
1918-ci ilin bu günü Azərbaycanın müstəqilliyini dünyaya bəyan edən İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Müsəlman Şərqinin ilk demokratik və parlamentli respublikası xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik salnaməmizin şərəfli tarixidir. Cümhuriyyət xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladı, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi.
Qısa fəaliyyət dövründə milli dövlətçiliyimizin inkişafı üçün atılan önəmli addımlar
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi, xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etmək qüdrətini dünyaya göstərdi. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında müasir dövlət idarəçiliyinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. Təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli genişmiqyaslı tədbirlər həyata keçirildi. Mövcudluğunun ilk günlərindən etibarən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan demokratik respublika bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. 1920-ci ilin aprelində 23 aylıq fəaliyyətdən sonra Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğradı. Yaranan tarixi siyasi şərait üzündən xalqımızın bu istiqlal mücadiləsi tamamlanmadı, demokratik dövlət quruculuğu prosesi, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində reallaşdırılan layihələr nəticəsiz qaldı. Amma buna baxmayaraq, Cümhuriyyətin istiqlal uğrunda atdığı addımlar, gerçəkləşdirdiyi tədbirlər Azərbaycan tarixində silinməz izlər qoydu, milli dövlətçilik ənənələrimizin gələcək bərpasında xalqımızın azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi.
Azərbaycan Demokratik Respublikası süquta uğrasa da əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı
Cümhuriyyətin istiqlal uğrunda atdığı addımlar, gerçəkləşdirdiyi tədbirlər Azərbaycan tarixində silinməz izlər qoydu, milli dövlətçilik ənənələrimizin gələcək bərpasında xalqımızın azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Bu yaradılan zəmin ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə daha da möhkəmləndi, dahi şəxsiyyətin həyata keçirdiyi fəaliyyət xalqımızın milli mənlik şüurunun inkişafını, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsini və həqiqətə çevrilməsini şərtləndirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması üçün göstərdiyi misilsiz xidmətlər sayəsində Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraq 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və bir də o tarixdən 70 il sonra – Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, o dövrdəki Azərbaycan rəhbərliyinin 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olması, Cümhuriyyət irsinin rəsmiləşdirilməsi idi.
Sovet rejiminin basqıları Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi. Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasını 1991-ci il oktyabr ayının 18-də reallaşdıraraq, Cümhuriyyət ideyalarına sadiqliyini bəyan etdi, yarımçıq qalan istiqlal mücadiləsini başa çatdırdı.
Tarixi qayıdışla müstəqilliyimizin üzərindn çəkilən qara duman
Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, səriştəsizliyi üzündən xalqımız müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən hərc-mərclik və hakimiyyət böhranı, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müstəqil dövlət quruculuğu prosesinə böyük zərbə vurdu. Səriştəsiz və xəyanətkar AXC-Müsavat cütlüyünün antimilli mövqeyinin nəticəsi olaraq Qarabağ torpaqlarının itirilməsi, separatizm meyilləri, iqtisadi və sosial tənəzzül, yüz minlərlə məcburi köçkün və qaçqının həllini tapmayan ağır problemləri ilə müşayiət olunan proseslər sonda vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış xalqın hakimiyyətə inamını tam sarsıtdı və o, nicat yolunu yalnız Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlətçiliyimiz qorunub saxlanıldı və möhkəmləndi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzuları gerçəkliyə qovuşdu. Zaman da göstərdi ki, əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev amili olmasaydı, Azərbaycan bir dövlət olaraq, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi.
Azərbaycana əbədi suverenlik qazandıran ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi ilə Azərbaycan demokratiya və iqisadi inkişaf yolu ilə dünya birliyinə inteqrasiya etdi. Ulu Öndərin Azərbaycanın siyasi rəhbərliyinə yenidən dönüşündən sonra “Əsrin müqaviləsi”nin imzalanması, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsi kimi qlobal layihələr, yeni Konstitusiyanın qəbul edilməsi, habelə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunması və digər mühüm əhəmiyyətli işlərin görülməsi də müstəqilliyimizin güclənməsində önəmli rol oynadı, respublikamızın dünya birliyindəki mövqeyini, yerini möhkəmlətdi. Dahi Liderin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə respublikamız dünyanın enerji xəritəsini dəyişdi, nəqliyyat mərkəzinə çevrildi. Müstəqilliyin ilk illərində iqtisadiyyatın inkişafı üçün investisiyalara ehtiyacı olan respublikamız indi başqa ölkələrə sərmayə yatıran dövlətdir.
Ümummilli Liderin 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncamını, eyni zamanda, 2007-ci il 25 mayda İstiqlal küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı bir daha isbatlayır ki, Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur.
Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik tarixində Cümhuriyyətin rolunu daim yüksək dəyərləndirib, onun rəhbərlərinin xatirəsini əziz tutaraq 2017-ci il mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalanmışdır. Dövlət başçısının 2018-ci il yanvarın 10-da imzaladığı Sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə milli dövlətçilik tariximizə diqqət və qayğısını nümayiş etdirdi. Cümhuriyyətin qurucularına hər zaman yüksək ehtiram nümunəsi göstərən dövlətimizin başçısı xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri də diqqət mərkəzində saxlayır. Ölkə rəhbərinin tapşırığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” kitabı da yüksək səviyyədə nəşr olunmaqla işıq üzü görüb.
Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması zərurəti meydana çıxmışdı. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr 2021-ci ildə “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlət müstəqilliyimizin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Beynəlxalq aləmdə özünə layiqli yer tutan Azərbaycan Cümhuriyyət dəyərlərinə əsaslanan müstəqil siyasəti ilə diqqət çəkir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırır. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzli dövlətə çevrilməsi bugünümüzün reallıqlarıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinin qeyd edildiyi bu günlərdə– Müstəqillik Günü ərəfəsində cənab İlham Əliyevə dünya liderlərindən təbrik məktublarında da bu mühüm fikirlər öz əksini tapır. Həmin təbriklərdə qeyd olunur ki, ölkəmizin iqtisadi inkişafı, dünyanın enerji təhlükəsizliyinə töhfələri, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi təqdir olunur. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində mühüm rol oynayır. Bu, dövlətimizin başçısının beynəlxalq aləmdə artan nüfuzunun bariz ifadəsidir.
Müstəqillik Gününü ərazi bütövlüyümüzün təmin olunması fonunda qeyd etməyimiz qürurvericidir
Qalib Lider, Ali Baş Komandan Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə Müzəffər Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə 44 gün ərzində son qoyaraq böyük Zəfər tarixi yazdı. Son 30 ildə ikinci ildə artıq ikinci dəfədir ki, Xalq Cümhuriyyətinin yaradılmasının ildönümünü ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik. Və bu gün Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Qarabağda qürurla dalğalanması həm Cümhuriyyətin qurucularının, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən böyük hədiyyədir! Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan bayrağının bu gün Şuşada dalğalanmasının, Azərbaycan Prezidenti İlham Əliyevin qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırmasının, görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsinin hər birimizdə yaratdığı sevinc, qüruru sözlərə, cümlələrə sığdırmaq mümkün deyil.
Bu il, həmçinin, Azərbaycanın öz Müstəqillik Gününü qardaş Türkiyə ilə birlikdə qeyd etməsi, 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyinin təcəssümüdür.
İkinci dəfə müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olan ümummilli lider Heydər Əliyevin qoyduğu yol bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün azad Qarabağda dünyanı heyrətə gətirən böyük quruculuq və bərpa işləri aparılır, ölkənin öz imkanları hesabına maliyyə resurslarının yatırılması ilə yanaşı dünyanın böyük şirkətləri, iş adamları fəal şəkildə bu prosesə cəlb olunur. Dövlət başçımız söylədiyi kimi, cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha əbədi, daha dönməz olacaq, bizi qarşıda yeni zəfərlər və qələbələr gözləyir.
Müstəqillik Günün mübarək, Müzəffər Azərbaycan!

