Əsas səhifə 

Bax, o azad olmaq duyğusu ki var…

Azərbaycanın Müstəqillik Gününə sevgilərlə!

104 il əvvəl Vətən sevdalı bir ana yüzillər sonra da işığı sozalmasın, parıltısı azalmasın deyə gözünün nurundan nur qatıb göyü masmavi səmanın, qırmızısı torpaq uğrunda can verənlərin, baş qoyanların al qanı və yaşılı təbiət xatunun yer üzünə sərdiyi xalça-çəmənlərin rəngində bir bayraq tikdi. Sonra da ortasına qaranlığı aydınladan aypara, səkkiz Oğuz tayfasının yolunu işıqlandıran səkkizguşəli ulduz tikərək övladlarına ötürdü ki, zirvələrə ucaltsınlar!

104 il əvvəl bir səhər qoca Şərq, müdrik Şərq, ancaq əsrlər boyu ədalətsiz, qaniçən hökmdarların meydan suladığı qəddar Şərq yuxusundan oyanıb gördü ki, bir işıq bürüyüb hər yanı. Qəhrəman övladın şanlı Vətəninin –  Azərbaycan adlı cənnət məkanın göylərində dalğalanan üçrəngli bayrağın parıltısı gözlərini qamaşdırdı. İstibdadın, zülmün və əsarətin ədalət və demokratiya qarşısında məğlubiyyətinin, istiqlal və azadlığın zəfərinin bayrağı idi Şərqin heyrətli baxışları altında ucalmış üçrəngli bayraq. Bir kərə elə ucaldı ki, bir daha enməyəcəyini hər kəs anladı! Hər kəs anladı ki, sinəsi hərbə meydan olmuş, uğrunda minlərlə can qurban getmiş Azərbaycan daha bundan sonra demokratik respublikadır – Şərqin ilk demokratik respublikası! Hər kəs anladı ki, milyonlar bu müqəddəs üçrəngli bayraq uğrunda can verməyə hazırdır, qan tökməyə qadirdir! Və hər kəs anladı ki, bu yurdun insanları sələflərindən aldıqları ana Vətən sevgisini, torpaq üçün savaşmaq, onu əzizləmək, yağılardan qorğanıb sahib çıxmaq eşqini, ehtirasını övladlarına, xələflərinə ötürəcəklər. Bu, bir yaşam tərzinə, törəyə çevriləcək. Buna görə də həmişə Azərbaycan adlı dövlət var olacaq, həmişə göylərdə üçrəngli, ay-ulduzlu bayraq dalğalanacaq!

104 il əvvəl azadlıq yanğısından təşnə sələflərimiz bizə hürriyyətin qana işləyən, ruha hakim kəsilən, heç zaman unudulmayacaq dadını dadızdırdılar. Bax, o azad olmaq duyğusu ki var, onu daddınsa daha əsarətdə qala bilməzsən! Daha heç bir buxov sənin ruhunu əsirinə çevirə bilməz! Bax, o azad olmaq duyğusu ki var, onu yaşamaq üçün ölməyə də dəyər! Müstəqil Vətənin daşı, azad dövlətin vətəndaşı olmaq nə gözəl duyğudur, nə böyük şərəfdir!

28 May, sən nə qədər özəl, dəyərli, bəxtəvər, sevilən bir tarixsən! Sən harada yaşamasından asılı olmayaraq gözəl Azərbaycanımızı Vətəni bilib sevənlərin, azərbaycanlı olmağın qürurunu yaşayanların əziz günüsən. Sən doğma yurdumuzun acılarına kədərlənənlərin, Qələbəsinə sevinənlərin daha da həmrəy olduğu, yumruq kimi birləşdiyi günsən. Sən özündə birliyimizi, milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılığı təcəssüm etdirirsən. Sən dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq Azərbaycan Türkünün bayramısan!

Bu gün həmişəkindən daha çox haqqımız var “azadıq”, “güclüyük”, “müstəqilik” deməyə. Çünki bu gün düşmənləri yer üzündən silməyə qadirik, torpağımıza göz dikmiş yağının gözünü ovub, tozanağını qoparıb rədd eləmişik Qarabağımızdan, Qərbi Zəngəzurumuzdan! Vətənim tamdır, bütöv bir candır bu gün!

Gəlin, gözünün nurundan pay verib azadlıq bayrağımızı tikən ananın xatirinə, torpağın Vətən olması üçün canından-qanından keçənlərin xatirinə, bizə hürriyyətin qana işləyən, ruha hakim kəsilən, heç zaman unudulmayacaq dadını dadızdıran sələflərimizin xatirinə və azad, güclü, müstəqil dövlət əmanət etməli olduğumuz xələflər naminə bir olaq! Bir olaq ki, müqəddəs üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın, Azərbaycanımız daha da inkişaf etsin, daha da ucalsın! Bir olaq ki, həmişə və hər yerdə həmişə olduğu kimi milli kimliyimizlə qürurlanaq, Azərbaycanın adı ilə, azərbaycançılığımız ilə fəxr edək!

Əbədi yaşa, müstəqil Azərbaycan, Müstəqillik Günün mübarək!

Bayramımız mübarək, Vətən sevdalıları!

Daha çox xəbərlər