AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVLƏTÇİLİK TARİXİMİZİN ŞANLI QÜRUR SƏHİFƏSİDİR.

26 may 2022-ci il tarixdə Qubadlı rayonu İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə “Quba Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə xanım Bayramova, “Quba Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, həmçinin müəllimlər və şagirdlər iştirak edirdi.
Dövlət himni ilə başlanan tədbir Müstəqilliyimizin bərpasını bizlərə bəxş edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək davam etdi.
Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor-müavini Nəhayət İsgəndərova çıxış edərək bildirdi ki, 1918-ci il mart-aprel aylarında Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Qubada bolşevik-daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı çox dəhşətli soyqırımların törədilməsi, bu dövrdə hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin soyqırımın qarşısının alınması üçün heç bir tədbir görmək istəməməsi Seymdəki erməni-gürcü çoxluğunun Osmanlı ilə savaşda uduzduqdan sonra da bu dövlətlə münasibətləri normallaşdırmaq üçün heç bir ciddi addım atmaması Zaqafqaziya Federativ Respublikasını siyasi böhrana sürüklədi. Bu respublikanın süqutu və Seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi. Nəticədə əvvəlcə mayın 26-da Gürcüstan öz müstəqilliyini elan etdi. Daha sonra mayın 28-də “İstiqlal bəyannaməsi” əsasında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

“Quba Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə xanım Bayramova, həm 1918-ci il mart soyqırımı haqqında, həm də “Quba Soyqırımı Memorial Kompleksi” haqqında şagirdlərə ətraflı məlumatlar verərək qeyd etdi ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır.

Daha sonra “Quba Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolu mövzusunda geniş məlumat verərək bildirdi ki, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir. Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı.
Məktəbin 7c sinif şagirdi Babayeva Zeynəb 1918-ci il mart soyqırımı haqqında, 7c sinif şagirdləri Seyfullazadə Ülviyyə və Əlişli Əliş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolu haqqında, 7b sinif şagirdi Əhmədova Mədinə isə “Quba Soyqırımı Memorial Kompleksi” haqqında məruzə etdilər.

Məruzələrdən sonra dəyərli alimlərimiz şagirdlərin suallarını cavablandırdılar.
Maraqlı diskussiyadan sonra məktəbin müəllimi, həmçinin Aran Media Groupun direktoru Əzizova Şeyda çıxış edərək tədbirin şagirdlərin elmi dünyagörüşünün formalaşmasında, onlarda vətənpərvərlik hisslərinin artırılmasında böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

Son olaraq məktəbin direktoru Allahverdiyev Allahverən çıxış edərək, şagirdlərimizə qeyd edilən tarixi hadisələr haqqında daha geniş məlumat verdiyi üçün dəyərli alimlərimizə minnətdarlığını ifadə etdi. Eyni zamanda məktəbin adından dəyərli alimlərə təşəkkürnamələr təqdim edildi.
“Quba Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə xanım Bayramova isə həm məktəbin direktoru Allahverən Allahverdiyevə, həm də tədbirdə çıxış edən şagirdlərə sertifikatlar təqdim etdi.
Tədbirin sonunda xatirə şəkli çəkildi.

Qubadlı rayonu İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəhayət Yahya qızı İsgəndərova.

